Bakı. 10 dekabr. REPORT.AZ/ Rusiya Böyük Britaniyanı qabaqlayaraq 2017-ci il üzrə dünyada silah satışları baxımından ikinci yerə yüksəlib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) tərəfindən nəşr olunan və dünyada hərbi istehsal və ixrac vəziyyətinə dair hesabatda göstərilir.
Statistikada 100 aparıcı istehsalçının məlumatları yer alıb. Pul ekvivalentində Top-100 şirkətin silah satışı həcmi 398,2 milyard ABŞ dolları təşkil edib. Bu isə 2016-cı ilə nisbətən 2,5%, 2002-ci ildəki göstəricidən isə 44% çoxdur.
Reytinqdə birinci yeri ABŞ tutur. 2017-ci ildə Top-100-də 42 ABŞ şirkəti yer alıb. Onlar ümumi həcmin 57%-ni özündə cəmləşdirib. Rusiya isə ümumi 9,5%-lik payla 2002-ci ildən ikinci pillədə qərarlaşan Böyük Britaniyanı bu mövqedən sıxışdırıb. Britaniya isə uyğun olaraq, üçüncü sıraya düşüb.
SIPRI digər önəmli hadisə kimi Türkiyə şirkətlərinin satışlarında 24% artım qeydə alındığını diqqətə çatdırır.