Bakı. 24 oktyabr. REPORT.AZ/ Boliviya prezidenti Evo Morales Vaşinqtonun orta və yaxın mənzilli raketlərin ləğv edilməsinə dair razılaşmadan çıxmaq istəməsi səbəbindən ABŞ-ı dünya üçün təhlükə adlandırıb.
“Report” xəbər verir ki, prezident bunu öz "Twitter" səhifəsində yazıb.
"Tramp minlərlə mərkəzi amerikalı miqranta qarşı Meksika ilə sərhədə qoşun göndərəcəyi ilə hədələyir, Rusiya ilə orta hərəkət radiuslu nüvə qüvvələri üzrə sazişdən çıxacağını elan edir. ABŞ dünyanın və insan haqlarının düşmənidir", - deyə Morales bildirib.
Siyasətçi bunu Trampın Meksika ilə sərhədə miqrantlara qarşı qoşun göndərəcəyinə dair bəyanatına cavab olaraq deyib.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo Hondurasdan Meksika ərazisi ilə ABŞ istiqamətində hərəkətdə olan qanunsuz miqrant karvanının heç bir halda Birləşmiş Ştatlara buraxılmayacağını bəyan edib.