Bakı. 20 noyabr REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası (TŞ) bütün dünya dövlətlərini terrorçu-yaraqlıları daha fəal şəkildə müəyyən etməyə və sanksiya siyahılarına daxil etməyə çağırıb. "Report" xəbər verir ki, Avstraliya xarici işlər nazirinin sədrliyilə keçirilən iclasda qəbul edilmiş bəyanatda Təhlükəsizlik Şurasının üzvləri xüsusilə Suriya və İraqda müşahidə olunan ekstremizm ideologiyasının nəticələrinə görə ciddi narahatlıqlarını bildiriblər.
"Təhlükəsizlik Şurası qeyd edir ki, terrorizm təhlükəsi artır və terror qruplaşmalarına cəlb etmə şəbəkələrinin olması, terrorizm üçün əlverişli şərait yarada biləcək zorakı ekstremizmin ideologiyasının yayılması səbəbindən bir çox regionlarda daha çox dövlətləri əhatə edir" - deyə, BMT Təhlükəsizlik Şurası sədrinin bəyanatında qeyd olunub.
Şura üzvləri qarşısında çıxış edərək, BMT baş katibi Pan Gi Mun vurğulayıb ki, beynəlxalq ictimaiyyətin bütün səylərinə baxmayaraq, dünyada terrorçuların sayı artır. Onun sözlərinə görə, bu gün Suriya və İraqda minlərlə xarici yaraqlı döyüşür.
BMT Təhlükəsizlik Şurası öz bəyanatında "İraq və Levanta İslam Dövləti" (İŞİD), "Ən-Nusra" Cəbhəsi (ƏNC) və Əl-Qaidə və digər terror təşkilatlarının vəhşiliklərinə görə narahatlığını bildirib.
Təhlükəsizlik Şurası xarici terrorçu-yaraqlıları daha fəal şəkildə müəyyən etməyə və onların internetdə və sosial şəbəkələrdəki fəaliyyətlərinin qarşısını almağa çağırıb.