Yuxarı

Almaniyanın 50 şəhərində irqçilik əleyhinə yürüş-mitinqi keçirilib - FOTOLAR

Almaniyanın 50 şəhərində irqçilik əleyhinə yürüş-mitinqi keçirilib

Almaniyanın 50 şəhərində irqçilik əleyhinə və Hanauda baş verən terroru pisləyən yürüş-mitinq keçirilib.

“Report”un Avropa bürosunun məlumatına görə, Almaniya Prezidenti Frank Valter Ştaynmayerin də qatıldığı yürüş-mitinqində minlərlə insan iştirak edib. Anım yürüşündə “Siz tək deyilsiniz”, “İrqçiliyə son!”, “Almaniya birlikdə daha gözəldir”, “Terroru lənətləyirik” kimi şüarlar səsləndirilib.

"Birlikdə dururuq və birlikdə qalırıq" deyən Almaniya Prezidenti Hanau Marktplatzda toplaşan minlərlə insanın iştirak etdiyi mitinqdəki nitqində insanları irqçiliyin önünə keçməyə çağırıb:

“Nifrətə qarşı ən güclü vasitə birlik və birlikdə yaşamaqdır. Terrorun əsas məqsədi cəmiyyəti qorxutmaqdır. Qorxmuruq və qorxuya icazə verməyəcəyik. Nifrət və zorakılığa qarşı birləşəcəyik. İrçilik hörmət və həmrəylik qarşısında yox olmağa məhkumdur”.

Terror hücumu zamanı həyatını itirənlərin ailələrinin dərdlərini bölüşdüyünü deyən Almaniya Prezidenti yaralılara şəfa dilədiyini söyləyib. Hanau Marktplatzda toplaşan minlərlə insan meydandakı abidəyə çiçək düzüb, qətlə yetirilənlərin xatirəsinə şam yandırıblar.

Xatırladaq ki, fevralın 20-da Almaniyanın Hanau şəhərində iki restorana edilən terror hücumu zamanı 11 nəfər öldürülüb. Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs ultra-sağçı ideologiyanın tərəfdarı olub. İnsidentdən sonra onun meyiti evindən tapılıb.

Tobias R. adlı şəxsin etiraf məktubu yazdığı və vida videosu çəkdiyi də qeyd edilib. Atışma qurbanlarının əksəriyyəti kürd və türk əsilli şəxslərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi