Yuxarı

ABŞ Konqresi büdcə parametrlərini təsdiqləyib və hökumətin işinin dayandırılmasına imkan verməyib - YENİLƏNİB

ABŞ Konqresi büdcə parametrlərini təsdiqləyib və hökumətin işinin dayandırılmasına imkan verməyib - YENİLƏNİB
İndi sənəd təcili qaydada Ağ Evə - prezident Donald Trampa göndərilib
© Report

Bakı. 9 fevral. REPORT.AZ/ ABŞ Konqresi 2018 və 2019-cu illər üçün büdcənin əsas parametrlərini təsdiqləyib və hökumətin müvəqqəti maliyyələşdirilməsini martın 23-dək uzadıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, yerli vaxtla cümə axşamından cümə gününə keçən gecə baş tutuan iclasda Nümayəndələr Palatası bir neçə saat əvvəl Senat tərəfindən təsdiqlənmiş qanun layihəsini təsdiqləyib.

İndi sənəd təcili qaydada Ağ Evə - prezident Donald Trampa göndərilib. Dövlət başçısı sənədi yeni iş günü başlayana qədər imzalayarsa, amerikalı dövlət məmurlarının hamısı rahat şəkildə vəzifələrini yerinə yetirməyə davam edəcəklər.


***09:50

ABŞ Konqresi yeni büdcə qəbul etməyib və bununla əlaqədar ABŞ-da federal qurumlar yenidən bağlanır. 

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Əvvəlki "şatdaun" (shutdown) yanvarın 20-dən 23-dək olub və üç həftə müddətinə müvəqqəti büdcənin qəbul edilməsi ilə yekunlaşıb. Bu büdcənin müddəti yerli vaxtla gecə yarısı başa çatıb, bundan sonra federal qurumlar həyati vacib funksiyalar istisna olmaqla, bütün fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, bu həftə demokratlar və respublikaçıların Senatdakı rəhbərliyi xərclərin əhəmiyyətli artımını təmin edən yeni uzunmüddətli büdcə layihəsi üzrə razılığa gəlmişdi. Lakin Kentukki ştatından olan və federal hökumətin xərclərinin artırılmasına qarşı çıxan mühafizəkar senator Rend Pol təkbaşına Palatanın iclasını elə uzadıb ki, gecə yarısına qədər səsverməni təşkil etmək mümkün olmayıb.

Senat fasiləyə ayrılıb və büdcəni qəbul etmək üçün gecə yarısından sonra yenidən toplaşacaq.

Ağ ev bütün federal qurumlara fəaliyyətlərinə son verməyə hazır olmağı tövsiyə edib.

"Şatdaunlar" zamanı minlərlə federal qulluqçu yeni büdcə qəbul edilənə qədər ödənişsiz məzuniyyətə göndərilir. Bu prosesin hiss olunan cəhətlərindən biri ABŞ səfirliklərinin viza bölmələrinin fəaliyyətinin dayandırılmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi