“Lionel Messinin oyununun pərəstişkarı olduğum, onu şəxsiyyət kimi bəyəndiyim üçün dünya çempionatında Argentina millisinə azarkeşlik edirəm. Onlar bu titulu qazana bilərlər”.
Bunu “Report”a müsahibəsində “Qarabağ”ın futbolçusu Marko Yankoviç Qətərdə keçirilən mundialla bağlı danışarkən deyib.
27 yaşlı yarımmüdafiəçi bildirib ki, DÇ-2022-də yarımfinala qədər irəliləyən Mərakeş yığmasının nəticələri onu təəccübləndirib: “Deyim ki, dünya çempionatını xüsusi gərginliklə izləmirəm. Oyunlara rahat baxıb, zövq almağa çalışıram. Çox maraqlı yarış izləyirik. Çünki çoxlarını təəccübləndirən hesablar qeydə alınır. Futbolda hər cür nəticəyə hazır olmaq lazımdır. Bu mundialda da qələbə gözlədiyimiz komandalar məğlubiyyətə uğrayır, zəif hesab olunanlar qalib gəlir. Məsələn, Mərakeş yığması hamını təəccübləndirir. Argentina, Fransa və Xorvatiyanın yarımfinala çıxması öncədən gözlənilirdisə, Mərakeşin orada olması sürprizdir. Onlar yaxşı oynamaqla yanaşı, dünya çempionatına yeni nəfəs gətiriblər”.
Monteneqro yığmasının oyunçusu yarımfinalda bu gün Argentina ilə qarşılaşacaq Xorvatiyanın uğuruna da üzülməyəcəyini sözlərinə əlavə edib: “Bizə qonşu ölkə olan Xorvatiyaya uğurlar arzulayıram. Bu komandanın da uğuruna sevinərəm. Ümid edirəm ki, Messinin lideri olduğu Argentina kuboku götürəcək. Əgər onlar yarımfinalda uduzsalar, Xorvatiyanın çempionluğunu arzulayacağam. Yarımfinalda Mərakeşlə qarşılaşacaq Fransa da çox güclüdür. Onlar son dünya çempionudurlar, yenidən titulu qazanmaq imkanları var. Mərakeş isə azarkeşləri təəccübləndirməkdə davam edə bilər. Onlardan hər şey gözləmək olar”.
Marko Yankoviçin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.