"Gənc olanda U-19 komandasında birlikdə idik".
Bunu "Report"a açıqlamasında "Neftçi"nin qapıçısı İvan Brkiç Xorvatiya millisindəki həmkarı Dominik Livakoviçlə bağlı danışarkən deyib.
27 yaşlı qolkiper hazırda Qətərdə keçirilən dünya çempionatında yığmanın əsas çərçivə qoruyucusu olan oyunçu ilə bir-birilərini yaxşı tanıdıqlarını bildirib. O, Livakoviçin gözəl insan və çox yaxşı qapıçı olduğunu sözlərinə əlavə edib.
Brkiç bu gün mundialda Argentina və Xorvatiya seçmələri arasında baş tutacaq yarımfinal matçı barədə də danışıb: "Çətin qarşılaşma olacaq. Amma şansımız var. Rəqib də çox yaxşı komandadır. Lakin biz əvvəlki görüşlərdə hər yığma ilə oynaya biləcəyimizi göstərdik".
Qolkiper "damalılar"ın sakit oyuna üstünlük verməli olduğunu vurğulayıb: "Braziliya millisi ilə matçda necə oynamışıqsa, elə də çıxış etməliyik. Sakit olmalı və şansları gözləməliyik. Ardıcıl ikinci dəfə finala vəsiqə qazanmaq mümkündür. Amma bu reallaşmasa da, Xorvatiya bu turnirdə heyrətamiz şeylər etdi".
Qeyd edək ki, İvan Brkiç və Dominik Livakoviç 2013-cü ildə Xorvatiyanın U-19 yığmasının formasını geyiniblər. Argentina - Xorvatiya matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.