"Düşünürəm ki, yığma mundialın qrup mərhələsində birinci və ya ikinci yer üçün mübarizə apara bilər".
Bunu "Report"a açıqlamasında "Neftçi" klubunda çıxış edən seneqallı futbolçu Mamadu Mboc bu il Qətərdə keçiriləcək dünya çempionatında ölkəsinin milli komandasının şansları barədə danışarkən deyib.
29 yaşlı müdafiəçi A qrupundakı əsas rəqiblərindən Niderland seçməsi ilə qarşılaşmaya toxunub: "Məncə, bu rəqiblə görüşdə qalib gələ və ya heç-heçə edə bilərik. Hiss edirəm ki, Seneqalın DÇ-2022-də sensasiya etmək şansı da var".
Mboc Almaniya "Bavariya"sında çıxış edən Sadio Manenin millini böyük nəticələrə apardığını vurğulayıb: "Afrikalılar üçün dünya çempionatında qalib olmaq asan deyil. Amma ümid edirəm ki, nə vaxtsa, hansısa Afrika ölkəsi bunu bacaracaq".
Müdafiəçi son olaraq yarış barədə planlarından söz açıb: "Həmin ərəfədə ölkə çempionatında oyunlarımız davam etsə də, mən DÇ-2022-yə yalnız evdə baxmağı planlaşdırmıram".
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Seneqal A qrupunda Qətər, Ekvador və Niderlandla mübarizə aparacaq.