Xorvatiya millisinin futbolçusu İvan Perişiç Qətərdə keçirilən dünya çempionatında yeni nailiyyətlərə imza atıb.
“Report”un məlumatına görə, 33 yaşlı hücumçu 1/8 final mərhələsində Yaponiya ilə görüşdə qol vuraraq, Xorvatiyanın mundiallardakı bombardiri Davor Şukerin rekordunu təkrarlayıb.
Hazırda hər ikisinin aktivində dünya çempionatlarında 6 top var.
Perişiç, eyni zamanda, Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo və İsveçrə millisinin üzvü Cerdan Şakiri ilə birlikdə son 5 böyük turnirin hər birində fərqlənməyi bacaran üçüncü oyunçudur. Adıçəkilən futbolçuların hər biri AVRO-2016, AVRO-2020, DÇ-2014, DÇ-2018 və DÇ-2022-də rəqib qapılarına yol tapmağa müvəffəq olub.
Qeyd edək ki, 1:1 hesabı ilə yekunlaşan oyunun penaltilər seriyasında Yaponiyanı 3:1 hesabı ilə məğlub edən Xorvatiya yığması DÇ-2022-nin 1/4 final mərhələsinə yüksəlib. Avropa təmsilçisi bu raundda dekabrın 9-da Braziliya ilə qarşılaşacaq.