Turnirin ev sahibləri və ekvadorluların iştirakı ilə Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatının açılış matçı italiyalı hakim Daniele Orsatoya həvalə edilib.
“Report” DAZN-a istinadən xəbər verir ki, o, dünya çempionatının açılış matçında çalışacaq ilk italiyalı hakim olacaq.
Bu hadisənin tarixdə ilk olmasına baxmayaraq, italiyalılar üç dəfə finalda hakimlik ediblər - 1978-ci ildə Serxio Qonella (Argentina - Niderland), 2002-ci ildə Pyerluici Kollina (Almaniya - Braziliya) və 2014-cü ildə Nikola Ritsoli (Argentina - Almaniya).
Xatırladaq ki, dünya çempionatı Qətərdə noyabrın 20-də başlayır. Qətər və Ekvador turnirin ilk oyununu El Haur şəhərindəki “El Bayt” stadionunda keçirəcək. Orsatonun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.