Niderland yığmasının hücumçusu Memfis Depay Qətərdə keçirilən DÇ-2022-də komandasının ilk oyununda iştirak etməyəcək.
“Report”un məlumatına görə, bunu "narıncılar"ın baş məşqçisi Lui van Qal matçdan əvvəl keçirdiyi mətbuat konfransında deyib.
Təcrübəli çalışdırıcı hücumçunun oynamamasını Sadio Manenin Seneqaldakı yoxluğu ilə müqayisə edib: “Depayın yoxluğu bizim üçün Seneqalda Sadio Manenin yoxluğu kimi eyni zərbə olacaq. Mane qeyri-adi oyunçudur. Mən “Mançester Yunayted”in baş məşqçisi olanda onu almaq istəyirdim. Manenin fanatıyam. O, çox şeyi dəyişdirə bilərdi və deyərdim ki, Seneqal onun üçün darıxacaq. Eyni şey bizə də aiddir. Ən yaxşı bombardirimiz və assistentimiz Memfis Depay üçün darıxacağıq”.
Van Qal bildirib ki, Depayın yoxluğunda belə komandanın yaxşı çıxış etmək imkanları var: “Düşünürəm ki, indiki oyunçular bir-birilərini yaxşı başa düşürlər. Onlar birlikdə yaxşı işləyirlər və bu, uğura töhfə verəcək. 2014-cü ildə biz bundan daha aşağı keyfiyyətli komanda ilə üçüncü yeri tutduq və mən ümid edirəm ki, indi daha çox şeyə nail olacağıq”.
Qeyd edək ki, Niderland və Seneqal arasındakı görüş bu gün, noyabrın 21-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bundan əvvəl A qrupunda bir oyun keçirilib - Ekvador Qətərə 2:0 hesabı ilə qalib gəlib.