Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarındakı oyun sayı baxımından Almaniya yığmasının sabiq futbolçusu Lotar Matteusa çatıb.
"Report"un məlumatına görə, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialda Xorvatiya ilə yarımfinal matçında meydana çıxmaqla nail olub.
Start heyətində yer alan forvard dünya çempionatlarında sayca 25-ci görüşün iştirakçısı olub ki, bu da onu rekordçu ilə eyni sıraya yüksəldib. Cənubi Amerika təmsilçisi finala adlasa və Messi həlledici qarşılaşmada forma geyinsə, bu göstərici üzrə vahid lider ola bilər.
Xorvatiya seçməsinin kapitanı Luka Modriç isə oyuna start heyətində başlamaqla, 37 yaşından sonra ardıcıl 6-cı dəfə meydana ilk "11-lik"də çıxan 4-cü futbolçu kimi tarixə düşüb. Daha əvvəl yalnız braziliyalı Nilton Santos, italiyalı Dino Zoff və ingiltərəli Piter Şilton bunu bacarıb.
Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan Argentina - Xorvatiya matçında hesab açılmayıb.