Qətərdə keçirilən dünya çempionatında həlledici – üçüncü turun oyunları davam edir.
“Report” xatırladır ki, artıq dünən keçirilən oyunlardan sonra A və B qruplarında 1/8 finala kimlərin yüksəldiyi bəlli olub.
Bu gün isə daha 4 komanda – C və D qruplarında 1 və 2-ci yeri tutan millilər növbəti raunda vəsiqə qazanacaqlar.
Ötən gün ilk dörd qrupda son vəziyyəti, ehtimalları, şansları təhlil etmiş, qrupdan çıxmaq üçün hansı komandaya hansı nəticənin lazım olduğunu araşdırmışdıq.
Bu gün isə E, F, G və H qruplarında vəziyyətə nəzər salaq, komandaların növbəti mərhələyə yüksəlmək ehtimallarını dəyərləndirək.
E qrupu
İspaniya, Yaponiya, Kosta Rika və Almaniyadan ibarət qrupda komandaların müvafiq olaraq 4, 3, 3 və 1 xalları var.
Son tur öncəsi bütün komandaların şansları davam etdiyi üçün hər iki matçın olduqca gərgin və çəkişməli keçəcəyi gözlənilir.
Qrup lideri İspaniyaya 1/8 finala yüksəlmək üçün heç-heçə kifayət edəcək. Digər oyunun nəticəsindən asılı olmayaraq “buğalar” bərabərliklə növbəti raunda çıxacaqlar. Paralel keçən oyunda Almaniya Kosta Rikaya uduzmasa, 1 xal ispanlara hətta liderlik üçün də kifayət edəcək.
Yaponiya isə qrupdan çıxmaq üçün qələbə qazanmalıdır. “Gündoğar ölkə” təmsilçisi bunu bacarsa, digər oyundakı nəticədən asılı olmayaraq qrup lideri olacaq. Heç-heçə yaponlara ancaq digər oyunda da tarazlığın pozulmaması şərti ilə sərf edir. Əks halda 1 xal “samuraylar”ın dadına çatmayacaq.
Kosta Rika yığmasının taleyi isə öz əlindədir. Qələbə mərkəzi amerikalıları paralel oyundakı nəticədən asılı olmayaraq, növbəti raunda aparacaq. Heç-heç halında isə ümid yalnız İspaniyanın qələbəsinə qalacaq.
Turnirə istədiyi kimi başlaya bilməyən Almaniyanın isə hələ də qrupdan çıxmaq şansları qalır. Gözlənilmədən ilk oyunda Yaponiyaya uduzan, ardınca isə İspaniya ilə heç-heçəyə razılaşan “bundestim” mundialla erkən vidalaşmamaq üçün mütləq Kosta Rikanı yenməlidir. Bununla yanaşı, İspaniya da Yaponiyaya uduzmamalıdır.
F qrupu
Xorvatiya, Mərakeş, Belçika və Kanadadan ibarət qrupda komandaların müvafiq olaraq 4, 4, 3 və 0 xalları var.
Son oyunlardan öncə Kanadanın qrupda qalacağı dəqiqdir. Digər 3 komandanın isə 1/8 final şansları davam edir.
Hazırda lider olan Xorvatiya Belçika ilə qarşılaşacaq. “Damalılar”a qrupdan çıxmaq üçün 1 xal da bəs edər. Amma paralel oyunda Mərakeşin qələbəsi onların liderliyinə mane olacaq. Modriç və dostları qrupu birinci pillədə tamamlamaq istəyirlərsə, mütləq Belçikaya qalib gəlməlidirlər. Mümkün məğlubiyyət halında isə ümid Kanadanın Mərakeşi yenməsinə qalacaq.
“Qırmızı şeytanlar”a isə dünya çempionatı ilə erkən vidalaşmamaq üçün mütləq 3 xal lazımdır. Hətta Kanada Mərakeşə uduzmasa, qrupu lider kimi başa vurmaq da olar.
Mərakeş artıq turnirlə vidalaşmış Kanada ilə matçda məğlub olmasa, minimum vəzifənin öhdəsindən gələcək. Paralel matçdakı nəticə isə şimali afrikalıların qrupdakı yerini müəyyənləşdirəcək.
G qrupu
Braziliya, İsveçrə, Kamerun və Serbiyadan ibarət qrupda 6 xalı olan “sambaçılar” artıq növbəti mərhələni təmin edib.
Üç xalı olan İsveçrə Serbiya ilə matçda uduzmasa da, qrupdan çıxa bilər. Bir şərtlə ki, Braziliya Kameruna yenilməsin. Qələbə isə “saatlar ölkəsini” digər matçı düşünmək dərdindən azad edəcək.
Bir xalı olan Serbiyaya isə təkcə qələbə kifayət etməyəcək. Paralel keçən oyunda Kamerunun Braziliyaya qalib gəlmə ehtimalını nəzərə alsaq, serblər afrikalılardan daha böyük fərqlə qalib gəlməlidirlər.
Əsas vəzifəsinin öhdəsindən gəlmiş Braziliya ilə oyunda Kamerunun da bir neçə variantı var. Riqober Sonqun komandası ehtiyat qüvvəyə güvənəcəyi ehtimal olunan cənubi amerikalılarla matçda qələbə qazanıb, paralel keçən oyunda heç-heçəyə ümid edəcək. İsveçrənin qələbəsi arzuolunmazdırsa, Serbiya ancaq Kamerundan daha az fərqlə qalib gələ bilər.
H qrupu
Portuqaliya, Qana, Cənubi Koreya və Uruqvay “dördlüy”ünün yer aldığı bu qrupda portuqallar minimum vəzifənin öhdəsindən gəliblər.
İlk iki oyunda qələbə qazanan və 6 xalı olan komanda son matçında Cənubi Koreyaya uduzmasa, digər oyundakı nəticədən asılı olmayaraq, liderliyini qoruyacaq.
Asiyalıların mümkün qələbəsi halında isə Qananın maksimum bir top fərqi ilə qələbəsinə ümid ediləcək. İki və daha qollu Qana qələbəsi Portuqaliyanı ikinci pilləyə sala bilər.
Qrupdan çıxmağa ən yaxın ikinci komanda Qanadır. Afrikalılar Uruqvayla oyunda heç-heçə etsələr, digər oyunun nəticəsinə görə, qalib gəlsələr, istənilən halda 1/8 finala adlayacaqlar. Məğlubiyyət isə mundialla vidalaşmaq deməkdir.
İki oyundan cəmi bir xal toplamış Uruqvay isə şanslarının davam etdirmək üçün mütləq qələbə qazanmalıdır. Amma bu da cənubi amerikalılara bəs etməyə bilər. Paralel matçda Portuqaliya da Cənubi Koreyaya uduzmamalıdır.
Cənubi Koreya da mütləq qələbə qazanmalıdır. Amma onlara bu qələbə də kifayət etməyə bilər. Gərək Uruqvay da Qananı yensin. Lakin bu, iki topdan artıq fərqlə olmasın.
Qeyd edək ki, qrupda iki və daha çox komandanın xalları eyni olacağı təqdirdə top fərqi nəzərə alınacaq. Əgər bu zaman da tarazlıq pozulmasa, daha çox qol vurmuş komanda üstün sayılacaq. Bu komponentdə də üstünlük əldə olunmasa, iki komanda arasındakı oyun nəzərə alınacaq. Əgər orda da bərabərlik olsa, bu dəfə “fair-play” xalları qüvvəyə minəcək. Bu nüansda da tərəflər bir-birilərinə üstünlük qura bilməsələr, növbəti mərhələyə keçəcək komandanı püşk müəyyən edəcək.