Fransa millisi 84 ildən sonra ardıcıl iki dəfə dünya çempionatının finalına vəsiqə qazanan ikinci Avropa komandası olub.
“Report”un məlumatına görə, Didye Deşamın kollektivi Qətərdə baş tutan DÇ-2022-nin yarımfinal mərhələsində Mərakeş seçməsini 2:0 hesabı ilə məğlub edərək buna nail olub.
İlk dəfə İtaliya yığması 1934 və 1938-ci illərin mundiallarında həlledici görüşə yüksəlməklə bu uğura imza atıb. “Xoruzlar” isə DÇ-2018-dən sonra Qətərdəki yarışda da final həyəcanı yaşamaq hüququna yiyələniblər.
Fransızlar, eyni zamanda, dünya çempionatlarının pley-off mərhələlərində qələbə seriyasını 7 matça yüksəldiblər. Komanda dörd il əvvəl Rusiyada keçirilən mundialdan etibarən qrup mərhələsindən sonrakı qarşılaşmalarında rəqiblərini məğlubiyyətə uğradıb. Bu baxımdan rekord Braziliya millisinə məxsusdur. Cənubi Amerika təmsilçisi 1958-1970-ci illər aralığında baş tutan dünya çempionatlarının pley-offlarında ardıcıl 9 qələbəyə sevinib.
Qeyd edək ki, Fransa millisi finalda Argentina ilə qarşılaşacaq. Dekabrın 18-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.