DÇ-2022: Asiya təmsilçilərindən çempionlara dərs, İspaniya 6-cı olub

DÇ-2022: Asiya təmsilçilərindən çempionlara dərs, İspaniya 6-cı olub Qətərdə keçirilən DÇ-2022-nin geridə qalan günü bir sıra maraqlı məqamlar və rekordlarla əlamətdar olub.
Dünya Çempionatı - 2022
24 Noyabr , 2022 11:24
DÇ-2022: Asiya təmsilçilərindən çempionlara dərs, İspaniya 6-cı olub

Qətərdə keçirilən DÇ-2022-nin geridə qalan günü bir sıra maraqlı məqamlar və rekordlarla əlamətdar olub.

“Report” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, E və F qruplarının birinci turunda baş tutan 4 oyunda bəzi nüanslar diqqət çəkib.

Mərakeş – Xorvatiya oyununun qolsuz sülhə yekunlaşması ilə DÇ-1982-dən bu tərəfə ilk dəfə bir mundialda birinci turun 3 oyunu hesab dəyişmədən başa çatıb. Bu görüşə qədər Danimarka ilə Tunis, həmçinin Meksika ilə Polşa susqunluğu poza bilməyiblər. 1982-ci ildə isə belə “səssizlik” İtaliya – Polşa, Kamerun – Peru və Şimali İrlandiya – Yuqoslaviya görüşlərində qeydə alınıb.

Asiya qitəsini təmsil edən iki komanda – Səudiyyə Ərəbistanı və Yaponiya Dünya Kuboku tarixində ilk dəfə eyni turda dünya çempionu olmuş iki komandanı – uyğun olaraq, Argentina və Almaniyanı məğlub edib.

Almaniya Yaponiyaya uduzmaqla (1:2) ardıcıl 2-ci (2018-ci ildə Meksika ilə 0:1) və ümumilikdə 3-cü dəfə (1982-ci ildə Əlcəzairə 1:2) Dünya Kubokunun açılış matçında məğlub olub.

Yaponiya ilə matçda Almaniya İngiltərənin taleyini yaşayıb. Belə ki, “gündoğar ölkə”nin hər iki qolunu Bundesliqada çıxış edən futbolçular - Ritsu Doan (“Frayburq”) və Takuma Asano (“Bohum”) vurublar ki, bənzər hal yalnız DÇ-1998-də yaşanıb. Həmin vaxt İngiltərəni Premyer Liqada oynayan iki rumıniyalı - Dan Petresku (“Çelsi”) və Viorel Moldovan (“Koventri”) məyus ediblər.

Sözügedən Almaniya – Yaponiya matçında meydana çıxan Yuto Naqatomo dörd mundialda forma geyinən ilk yapon futbolçu olub.

İspaniyanın Kosta-Rikaya qarşı oyunda vurduğu 7 qoldan birincisi onların dünya çempionatlarında 100-cü qoludur. “Qırmızı buğalar” Braziliya (229), Almaniya (227), Argentina (138), İtaliya (128) və Fransadan (124) sonra bu göstəriciyə çatan 6-cı komandadır.

Son xəbərlər

Orphus sistemi