Dani Alveş Braziliya millisinin heyətində ən çox oyun keçirən futbolçuların siyahısında ikinci pilləyə yüksəlib.
“Report”un məlumatına görə, 39 yaşlı müdafiəçi Qətərdə baş tutan dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya ilə matçda 126-cı dəfə “sambaçılar”ın formasını geyinib.
4:1 hesabı ilə qalib gəldikləri görüşün 63-cü dəqiqəsində komanda yoldaşı Eder Militaonu əvəzləyən Alveş keçmiş sol cinah müdafiəçisi Roberto Karlosu geridə qoyub. O, indi yalnız rekordçu Kafudan geri qalır. “Milan”ın əfsanəvi oyunçusunun aktivində 142 matç var.
Dani Alveş, həmçinin, Cənubi Koreya ilə görüşdə iştirak etməklə Braziliya millisinin tarixində mundialda meydana çıxan ən yaşlı futbolçu ünvanına yiyələnib. Bu göstəriciyə görə o, hazırkı komanda yoldaşı olan 38 yaşlı Tyaqo Silvanı qabaqlayıb.
Qeyd edək ki, Braziliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 9-da Xorvatiya ilə üz-üzə gələcək.