Qətərdə keçirilən DÇ-2022-nin H qrupunda bu gün oynanılacaq Braziliya – Serbiya matçı üçün birincilərin start heyəti açıqlanıb.
“Report”un məlumatına görə, belə bir iddia ilə yerli “Globo” nəşri çıxış edib.
Nəşrin insayderlərinin əldə etdikləri məlumata görə, “pentakampeonlar” meydana 4-2-4 taktiki sxemi ilə çıxacaqlar.
Ultrahücum taktikası seçən baş məşqçi Tite əgər oyun saatına qədər hansısa bir zədələnmə və ya digər fors-major hallar olmasa, start heyətini aşağıdakı oyunçulardan qurmağı planlaşdırır:
Qapıçı: Alisson Bekker
Müdafiəçilər: Danilo, Tyaqo Silva, Markinyos, Aleks Sandro
Yarımmüdafiəçilər: Kazemiro, Lukas Paketa
Hücumçular: Neymar, Riçarlison, Rafinya, Vinisisu Junior
Nəşrin iddiasına görə, bu taktiki sxemdə Neymar əsas rol oynayacaq. Komanda hücumda olan zaman ikinci fazada daha çox görünəcək forvard bəsən pleymeyker funksiyasını da öz üzərinə götürəcək. Topsuz oyunda isə o, müdafiə məsuliyyətindən azad olacaq.
Maraqlıdır ki, “Globo”nun mənbəsi Fredi ehtiyatda “saxlayıb”. Halbuki, “Mançester Yunayted”in üzvü Braziliya yığmasının keçirdiyi son 15 matçda (11 DÇ seçmə mərhələsi, 4 yoldaşlıq oyunu) hamıdan çox, 9 dəfə start heyətində yer alıb.
Qeyd edək ki, Braziliya - Serbiya matçı saat 23:00-da start götürəcək.