Braziliya Futbol Konfederasiyası Qətərdə keçirilən dünya çempionatı zamanı mətbuat xidməti rəhbərinin pişiyə qarşı kobud davranışına görə məhkəməyə verilib.
“Report” xəbər verir ki, Braziliyanın bir qrup qeyri-hökumət təşkilatı Heyvanların Rifahı və Müdafiəsi üzrə Milli Forumla birlikdə CFB-yə qarşı iddia qaldırıb.
Onlar mətbuat katibi Vinisyus Rodrigesin mətbuat konfransı zamanı masanın üzərində dayanan pişiyi kürəyindən tutaraq yerə atdığı üçün konfederasiyanın 200 min dollar məbləğində cərimələnməsini istəyirlər. Həmçinin CFB-nin ictimaiyyətdən üzr istəməsi tələb olunub.
Qeyd edək ki, DÇ-2022-nin 1/4 final mərhələsində Xorvatiya seçməsinə 1:1 hesabı ilə yekunlaşan görüşün penaltilər seriyasında məğlub olan Braziliya yığması turnirlə vidalaşıb.