Zaqatalada “Qloballaşan dünyada din siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda keçirilən regional konfrans başa çatıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, konfransın “Dini radikalizmin yaranma səbəbləri və ictimai təsirləri” mövzusuna həsr edilən I panel sessiyasına Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, İlahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov moderatorluq edib.
Aİİ-nin İlahiyyat fakültəsinin dekan müavini, Sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov çıxış edərək, dini radikalizmin təşəkkül tapması, dinin siyasiləşməsi tendensiyalarından bəhs edib. Bildirib ki, İslam dünyasında dinin siyasi yönlərini ön plana çəkən hərəkatlar XX əsrin ortalarından etibarən yüksəlməyə başlayıb. Son dövrlərdə bu istiqamətdə radikal qrupların yaranması müşahidə edilib.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, Komitə yanında İctimai Şuranın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev dini radikalizmin siyasi-iqtisadi səbəblərindən, mövcud reallıqlar və təhdidlərdən söhbət açaraq qeyd edib ki, separatizim, islamafobiya, ksenofobiya və antisemitizim kimi hallara qarşı mübarizə aparmaq üçün ilk növbədə həmin anlayışların yaranma səbəblərini və mahiyyətini təhlil etmək lazımdır.
“Dini radikalizmin mahiyyəti, yaranmasının dini səbəbləri və təzahür formaları” mövzusunda məruzə ilə çıxış edən Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müəllimi, Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov mövzu ilə bağlı anlayışlara aydınlıq gətirib. Radikallığın əsas səbəblərindən birinin dini doğru-düzgün başa düşməmək, yalnız öz mövqeyini haqlı bilib başqalarının fikirlərini rədd etmək olduğunu diqqətə çatdırıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin moderatorluğu ilə “Din, ənənə və müasirlik” mövzusunda II panel sessiyasında Bakı İlahiyyat Kollecinin direktoru, İlahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov müasir inkişaf yolunda Azərbaycanın öz dəyərlərinə, ənənələrinə sahib çıxması haqqında danışıb. Vurğulayıb ki, ənənə-müasirlik balansının dini sahədəki təzahürü milli kimliyimizin mühafizəsinə mühüm töhfələr verir.
Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əhməd Niyazov müasir çağırışlar kontekstində ənənəvi İslam mövzusuna toxunub. Diqqətə çatdırıb ki, dinə yanaşmada insan faktorunun olması fərqli anlayışların meydana gəlməsinə, bu da öz növbəsində müxtəlif baxışlar və çoxlu sayda məzhəblərin yaranmasına səbəb olub. Ə.Niyazov hər bir baxış tərzinin öz ictimai-siyasi, sosial-mədəni dairəsində meydana gələrək zamanla adətlərə və köklü ənənələrə çevrilməsindən də danışıb.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Bakı şəhəri Nərimanov rayon “Cümə” məscidinin imamı Ceyhun Rüstəmov ölkəmizdə tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət, dostluq şəraitində bir ailə kimi yaşadıqlarını və bu ənənənin günümüzdə də davam etdiyini deyib. Vurğulayıb ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, hər zaman milli-mənəvi dəyərlərə sadiq qalıb.
Regional konfransın yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qarşıda duran mühüm vəzifələrin həyata keçirilməsi istiqamətində səsləndirilən təkliflərlə bağlı fikirlərini bildirib. Qeyd edib ki, aktual mövzuya həsr olunmuş bu tip tədbirlərdə ümumi işimizə töhfə verən ideyaların müzakirəsi gələcək perspektivlərin müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Dövlət Komitəsi tərəfindən ötən ildən etibarən keçirilən regional konfranslar 3 mühüm ideya üzərində qurulub. R.Məmmədov vurğulayıb ki, dini dəyərlərin qorunmasında din xadimləri daha geniş auditoriyaya və daha asan yollarla xitab etmək imkanına malikdirlər. Bu baxımdan din xadimləri barəsində ictimai şüurda stereotipləşmiş təsəvvürləri dəyişmək əsas prioritetlər sırasında yer alır. Eyni zamanda Azərbaycanda dövlət-din münasibətləri modelinin güclü dövlət, vətəndaş kimliyi, milli-mənəvi dəyərlər və multikulturalizm ənənələrinə əsaslanmasını təşviq etmək, eləcə də qlobal çağırışlar kontekstində mövcud riskləri, dini-ideoloji təhdidləri təhlil edərək daha doğru nəticələr çıxarmaq əsas hədəflərdəndir.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda müvafiq dövlət orqanlarının nümayəndələri, Zaqatala, Qax və Balakən rayonlarında fəaliyyət göstərən 160-dan çox din xadimi iştirak edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Zaqatalada “Qloballaşan dünyada din siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda regional konfrans təşkil olunub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, konfransda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatı Azər Kərimli, hüquq mühafizə orqanlarının əməkdaşları, ilahiyyatçılar, həmçinin din xadimləri, dini icma sədrləri iştirak ediblər.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mühüm məsələlərin müzakirə olunduğu və faydalı təcrübənin paylaşıldığı silsilə regional konfransların nəticələri barədə danışıb. Komitə sədri bildirib ki, Azərbaycan xalqı tarixən öz milli adət-ənənələrinə və dini dəyərlərinə bağlılığı ilə seçilib:
“Ölkədə insanlara münasibət inancına, etnik-mədəni köklərinə görə deyil, onun vətəndaş kimliyinə görə formalaşır. Bu, dövlətin istinad etdiyi ideoloji sütunlardan biri olmaqla bərabər, həm də bütövlükdə cəmiyyətimizin ümumi konsensus əsasında formalaşan baxışlar sistemidir”.
R.Məmmədov qloballaşmanın indi bir çox yeni imkanlar yaratdığı kimi, həm də yeni təhdidlər yaratdığını vurğulayıb. Qeyd edib ki, sosial, siyasi, iqtisadi, ictimai-mədəni sahələrdəki təzahür formaları qloballaşmanın bəzi hallarda ənənəvi dəyərlərlə ziddiyyət təşkil etdiyini göstərir:
“Lakin bu həm də müxtəlif ölkələr və xalqlar arasında əlaqələrin gücləndirilməsi üçün yeni mexanizmlər təqdim edən universal bir platformadır. Ona görə də biz qloballaşmanın təqdim etdiyi imkan və reallıqlarla milli-mənəvi dəyərlər arasında sərhədləri dəqiq müəyyən etməliyik”.
Milli Məclisin deputatı Azər Kərimli Dövlət Komitəsinin regionlarda keçirdiyi və aktual məsələlərə həsr olunan konfransların əhəmiyyətinə toxunub. Daha sonra qloballaşmanın dini identikliklərə təsiri, dinin siyasətdəki rolunun artması barədə danışan deputat din siyasətinin balanslı və inklüziv şəkildə qurulmasının vacibliyini qeyd edib.
O bildirib ki, bu məsələdə Azərbaycanın yanaşmasının nümunəvi xarakter daşıması və İslam dəyərlərinə sadiq qalmaqla yanaşı, sekulyar və tolerant cəmiyyət modelini təqdim etməsi təqdirəlayiq haldır: “Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan yanaşma Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib”.
Bu siyasətin praktik nəticələrinin ölkənin bütün regionlarında, həmçinin Qax, Zaqatala və Balakəndə müşahidə etməyin mümkün olduğunu deyən A.Kərimli bu bölgədə müxtəlif xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığını deyib. O, müxtəlif dini konfessiyaların nümayəndələri arasında illərdir formalaşan qarşılıqlı etimad mühitini dinlərarası dialoqun real nümunəsi kimi qiymətləndirib.












