Xaçmazda “Dini müstəvidə ideoloji təhlükəsizlik: çağırışlar və perspektivlər” mövzusunda regional konfrans təşkil olunub.
“Report”un Şimal bürosunun məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə keçirilən konfransda dövlət-din münasibətlərinin tənzimlənməsi, vətəndaşların dini etiqad azadlığının təmin olunması, dini fanatizm, radikalizm və ekstremizmə qarşı ideoloji müstəvidə effektiv mübarizənin aparılması, zərərli dini ideologiyaların Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində müzakirələr aparılıb.
Konfransda çıxış edən DQİDK sədri Ramin Məmmədov dini mühitdə cərəyan edən mənfi tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunaraq bu sahədə maarifləndirmə işlərinin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Deputat Fazil Mustafa çıxışında bildirib ki, zərərli dini ideologiyalarla mübarizədə ən səmərəli metodlardan biri maarifləndirmə işlərinin gücləndirilməsi və xüsusilə gənc nəslin dini biliklərinin artırılmasıdır.
Konfrans “Şimal bölgəsində dini durum: mövcud vəziyyət və qarşıda duran vəzifələr” və “Ənənəvi İslam: tarixi təcrübə və müasir reallıqlar” mövzularında panellərlə davam etdirilib.