“Şuşa ili: tarixi-dini abidələrimizin bərpasında yeni mərhələ” mövzusunda konfrans keçirilib

“Şuşa ili: tarixi-dini abidələrimizin bərpasında yeni mərhələ” mövzusunda konfrans keçirilib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Şuşa ili: tarixi-dini abidələrimizin bərpasında yeni mərhələ” mövzusunda konfrans keçirilib.
Din
22 Noyabr , 2022 13:28
“Şuşa ili: tarixi-dini abidələrimizin bərpasında yeni mərhələ” mövzusunda konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Şuşa ili: tarixi-dini abidələrimizin bərpasında yeni mərhələ” mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbirdə DQİDK-nin rəhbərliyi, ölkədə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaların rəhbərləri, üzvləri, habelə tarixçi mütəxəssislər iştirak ediblər.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qələbəmizin rəmzi olan Şuşa şəhərinin Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq elan edilən “Şuşa İli” çərçivəsində qurumun Tədbirlər Planında yer alan layihələrin yüksək səviyyədə həyata keçirilməsindən bəhs edib.

Daha sonra AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, AMEA-nın şöbə müdiri Sakit Hüseynov, tarixçi Pərviz Ağalarov mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Konfrans çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çəkilmiş “Şuşa-270 il” adlı sənədli film nümayiş olunub.

Şuşa qalasının təməlinin qoyulmasının 270-ci ildönümünə həsr olunan filmdə Şuşanın yaranma tarixi, unikal coğrafi mövqeyi və təbiəti, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatındakı müstəsna rolu, ədəbi, mədəni, elmi və ictimai fikir mühitinin görkəmli nümayəndələri, Şuşa mədəniyyətinin Azərbaycan və dünya mədəni irsinə verdiyi töhfələr, tarixi-dini ibadət yerləri, onların Ermənistanın işğalına və vandalizminə məruz qalması, 44 günlük Vətən müharibəsində işğaldan azad olunması, bərpa-quruculuq işlərinin başlanmasından bəhs olunub.

Eyni zamanda Şuşa şəhərinin Azərbaycan xalqının həyatında xüsusi yeri və rolu, qəhrəman Azərbaycan əsgərini ruhumuzun paytaxtına aparan çoxsaylı səbəblər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, sərkərdəlik qabiliyyəti, Şuşanın azad olunmasını şərtləndirən xalq-lider-ordu birliyi filmdə sadə dillə və izahedici materiallarla izləyicilərə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi