Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan səfiri ilə Keşikçidağ məsələsini müzakirə edib

Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan səfiri ilə Keşikçidağ məsələsini müzakirə edib Oktyabrın 10-da Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzeni qəbul edib.
Din
10 Oktyabr , 2019 17:39
Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan səfiri ilə Keşikçidağ məsələsini müzakirə edib

Oktyabrın 10-da Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzeni qəbul edib.

QMİ-dən "Report"a bildirilib ki, görüş zamanı QMİ sədri səfirə noyabrın 14-15-də Bakıda keçiriləcək Dünya dini liderlərinin II Sammiti barədə ətraflı məlumat verib, Patriarxın rəhbərliyi ilə Gürcüstan nümayəndə heyətinin iştirakı ilə bağlı məsələlərdən danışıb. Səfir, öz növbəsində, Gürcüstan Baş Nazirinin Azərbaycana dünənki uğurlu səfəri barədə təəssüratlarını Şeyxülislamla bölüşüb.

Daha sonra Azərbaycan-Gürcüstan dini-mənəvi əlaqələri barədə söhbət olub. Bildirilib ki, tarixin sınaqlarından keçmiş bu əlaqələr hər zaman xalqlarımız, dövlət rəhbərlərimiz və dini liderlərin müdrikliyi sayəsində yüksək səviyyəsini qoruyub saxlaya bilib. QMİ sədri Ümümgürcüstan Patriarx-Katolikosu II İliya həzrətlərini 40 il ərzində tanıdığını, onun müdrikliyinin və üzagörənliyinin hər zaman şahidi olduğunu bildirib. Dost və qardaş adlandırdığı Patriarxa sonsuz ehtiramı və böyük etimadı olduğunu vurğulayan Şeyxülislam, Qafqaz ağsaqqalı kimi Patriarxın bölgə üçün ən çətin zamanlarda nümayiş etdirdiyi müdrikliyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə verdiyi töhfələri, Qafqaz dini liderlərinin sülhməramlı danışıqlarında vasitəçi kimi çıxış etdiyini yüksək dəyərləndirdiyini vurğulayıb.

Görüş zamanı Azərbaycan ərazisində yerləşən Keşikçidağ kompleksinə dair məsələ müzakirə olunub və Patriarxın Şeyxülislam A.Paşazadəyə ünvanlı son məktubu ətrafında da fikir mübadiləsi olunub. Səfirlə söhbətində QMİ sədri Keşikçidağ məsələsinin dövlətlərarası xarakter daşıdığını vurğulayaraq məsələnin Azərbaycanın suverenliyi çərçivəsində, müvafiq hökumətlərarası komissiyalar tərəfindən Azərbaycan-Gürcüstan xalqları və dövlətləri arasında mövcud ənənəvi dostluq, qardaşlıq, mehriban qonşuluq prinsipləri əsasında həllini tapacağına ümidvar olduğunu bildirib.

Bu əsnada, Şeyxülislam səfirə Patriarx II İliya həzrətlərinin bu ilin may ayında verdiyi, Gürcü Patriarxlığının rəsmi vebsaytında yer alan bəyanatını xatırladıb. Bir neçə ay bundan əvvəl Keçikçidağ kompleksi ətrafında yaranmış məsələ ilə bağlı açıqlamasında Patriarx II İliya bildirmişdi ki, “təəssüflər olsun ki, baş verənləri analiz edərkən Azərbaycan və Gürcüstan arasında ciddi problemlər yaratmaq istəyən başqa qüvvənin öz hədəflərinə çatmaq üçün kilsə məsələsindən istifadə etməsi təəssüratı yaranır. Lakin təxribatlara asanlıqla uymaq lazım deyil”.

Dəvətə görə Şeyxülislam A.Paşazadəyə təşəkkür edən səfir Keşikçidağ ətrafındakı məsələnin hökumətlərarası komissiyalar tərəfindən həlli üzərində iş getdiyini, irəliləyiş olduğunu, danışıqlar vasitəsilə məsələnin addımbaaddım yoluna qoyulacağını bildirib. Yekdil qənaətə gəlinib ki, bu kimi məsələləri qızışdıran kənar qüvvələr məkrli niyyətlərə xidmət edirlər. Səfir hansısa maraqlı qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərinə hər hansı sahədə xələl gətirməsinə imkan verilməyəcəyini vurğulayıb və bu işdə Azərbaycan və Gürcüstan dini liderlərinin müdrikliyinə əmin olduğunu bildirib.

Görüşün sonunda səfir Şeyxülislamın salamlarını və görüş barədə məlumatları Patriarx II İliya həzrətlərinə şəxsən yetirəcəyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi