Ramin Məmmədov: Dünyada baş verən hadisələr Azərbaycanın doğru yolda olduğuna tam əminlik yaradır

Din
  • 18 noyabr, 2026
  • 11:09
Ramin Məmmədov: Dünyada baş verən hadisələr Azərbaycanın doğru yolda olduğuna tam əminlik yaradır

Bu gün dünyada, xüsusən də bölgədə baş verən hadisələr Azərbaycanın doğru istiqamətdə hərəkət etdiyinə bir daha tam əminlik yaradır.

"Report"un Qərb bürosu xəbər verir ki, bunu Ağstafada keçirilən "Dəyişən dünyada dəyərlər, inanc və kimlik" mövzusunda regional konfransdakı çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.

O, Azərbaycanın inancının, kimliyinin və dəyərlərinin dövlət bayrağının rənglərində ehtiva olunduğunu vurğulayıb:

"Bizim nə keçmişimizlə, nə də gələcəyimizlə bağlı tərəddüdümüz var. Biz türk dünyasının böyük bir parçasıyıq, türklüyümüzlə fəxr edirik. ​Müasirliyimiz bizim gələcəyə aparan yolumuzu xarakterizə edən əsas elementlərdən biridir və inanc sistemlərimizi yaşatmaqla müasirlik yolunda hərəkət etməyi özümüzə istiqamət seçmişik. Yaxın coğrafiyaya baxdıqda, bir çox ölkələrdə dini etiqadın təmin edilməsi üçün şəraitin olmadığını görürük. Niyə? Çünki bir sıra dövlətlər ciddi böhran içərisindədirlər".

R.Məmmədov hazırda inkişaf və sabitliyi Azərbaycanın əsas dəyərlərindən biri kimi qiymətləndirib:

"Sabitlik bizim üçün ən böyük dəyərlərdən biridir. Evimizdə rahatlıq, ailəmizlə birgə keçirdiyimiz vaxt bizim üçün böyük dəyərlər sisteminin tərkib hissəsidir. Bu da bizim üzərimizə müəyyən məsuliyyət qoyur. Məsuliyyətimiz bayrağımızın rənglərində əks olunan dəyərlərə böyük hörmətlə yanaşıb, onu qoruyaraq növbəti nəsillərə ötürməkdən ibarətdir. Bunun üçün din xadimlərinin də üzərinə böyük bir məsuliyyət düşür".