Bakı. 8 noyabr. REPORT.AZ/ "Səudiyyə Ərəbistanına ikinci dəfə ümrə ziyarətinə gedən zəvvarların 530 dollar əlavə vəsait ödəməsi dövlət tərəfindən rəsmiləşdirilib".
Bunu "Report"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin İşlər müdiri, zəvvarların qrup rəhbəri Həmdulla Babayev deyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu barədə onlara rəsmi məlumat verib: "Yalnız ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə vəsait ödəyəcəklər. Bu qayda Həcc ziyarətinə gedənlərə şamil olunmur".
H.Babayev bildirib ki, hazırda ümrə ziyarəti üçün müraciətlər var və sənəd qəbulu aparılır: "25 nəfərlik qrup düzəldikdən sonra bu ilin ilk ümrə ziyarətçiləri yola salınacaq. Zəvvarlar ümrə üçün bu il 1500-2500 ABŞ dolları ödəyəcəklər. Ötən il bu məbləğ 1200-2300 dollara bərabər idi".