Gəncə. 17 iyul. REPORT.AZ/ "Mən sonuncu dəfə Qaraginlə görüşəndə ona dedim ki, axı siz niyə bizə qarşı bu qədər təxribatlar edirsiz? O da mənə dedi ki, siz çox inkişaf etmisiz, güclü dövlətsiz, boynuna aldı ki, mən də Azərbaycana qarşı təxribatlar aparıram. Əgər Qaragin bunu mənim üzümə deyirsə, deməli, bu təxribatları başqalarının əli ilə də olsa edə bilər".
"Report"un Qərb bürosunun xəbərinə görə, bunu Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən müşavirədən sonra jurnalistlərə açıqlamasında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
A.Paşazadə əlavə edib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə atılan atəş həm də dövlətçiliyə qarşı açılan atəşdir: "Daha sonra iki polis zabitinin öldürülməsi bu hadisələrin məqsədli şəkildə həyata keçirilən terror aktları olmasını təsdiq edir. Biz bu terror aktlarını pisləyirik, lənətləyirik. Azərbaycanın daxilində xaricdən idarə olunan qüvvələr və onların havadarları var. İçində vətən sevgisi olan şəxslər belə təxribatlara uymaz".