"Müsəlman İranın Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistana hərtərəfli dəstəyi müsəlmanlar, xalqımız tərəfindən qınanılır"
"Report" xəbər verir ki, bu, Qafqaz Müsəlmanlar İdarəsinin yaydığı bəyanatda öz əksini tapıb.
Qeyd olunub ki, İran ilə Azərbaycanı bağlayan tarixi mənəvi dəyərlər arasında dini amilin xüsusi önəm kəsb etməsi əsrlər ərzində formalaşmış reallıqdır: "Bu reallıq xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət etməlidir. Dost, qardaş dar gündə tanınar. Təəssüflər olsun ki, Azərbaycanın Qarabağ dərdi həllini tapana qədər, habelə tarixi ədalət öz yerini alandan sonra da İran dövlətinin münaqişə və müharibənin səbəbkarı olan Ermənistana münasibəti birmənalı şəkildə himayədarlıq səciyyəsi daşımışdır. Ermənilərin dünyada hər zaman xristian təəssübkeşliyindən yararlandığı məlum həqiqətdir, lakin müsəlman İranın Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistana hərtərəfli dəstəyi müsəlmanlar, xalqımız tərəfindən qınanılır".
"Uzun illər ərzində əsl qardaş və dost kimi İslam həmrəyliyi mövqeyindən çıxış edərək təcavüzkar Ermənistanla siyasi, diplomatik əlaqələr qurmayan, səfirliyini açmayan, beynəlxalq təşkilatlarda işğalı pisləyən bəyanatlarla çıxış edən müsəlman ölkələrindən fərqli olaraq İran Ermənistanla bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirmiş, üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş müvafiq qərar və qətnamələrə məhəl qoymamışdır. Bu, islami birlik və məzhəbi yaxınlıq amalları ilə bir araya sığmayan münasibət Azərbaycan dindarları tərəfindən qəbul olunmur, heysiyyatlarına toxunur", - bəyanatda bildirilib.