Qafqaz Müsəlmanları İdarəsində (QMİ) "Vətən və İman" adlı nəşrin geniş oxucu kütləsi üçün təqdimatı keçirilib.
"Report" xəbər verir ki, kitabda birinci və ikinci Qarabağ müharibələri dövründə Azərbaycanın din xadimlərinin imanlı mücadiləsinə, Vətən torpağı uğrunda mübarizəsinə dair indiyədək heç yerdə dərc olunmayan məlumatlar yer alıb.
QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, müstəqil Azərbaycan dövlətçiliyi tarixinin mühüm və şərəfli mərhələsinə işıq salmaq məramı daşıyan bu tarixi-sənədli nəşrin ərsəyə gəlməsində tanınmış tədqiqatçı Araz Qurbanovun böyük zəhməti olub.
Şeyxülislam əlavə edib ki, Vətəni sevən imanlı insanların şücaət və saleh əməllərinə, Azərbaycan multikulturalizminin örnək nümunələrinə dair bu dəyərli nəşrdə əksini tapan həqiqətlər elm və təhsil müəssisələrində öyrənilməli, tədris olunmalı, məscidlərimizdə, din xadimlərimizin moizələrində təbliğ və təşviq olunmalıdır.
Qeyd olunub ki, kitabın əhəmiyyəti nəzərə alınaraq, dünya çapında daha çox insanın diqqətinə çatdırılması məramı ilə nəşrin ingilis dilinə tərcüməsi üzərində hazırda iş gedir.
Təqdimat iştirakçıların kitab barədə çıxışları ilə davam edib.