QMİ-də "Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib

QMİ-də "Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib Qafqaz Müsəlmanları İdarəsində (QMİ) "Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib.
Din
18 Aprel , 2023 18:24
QMİ-də Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz adlı konfrans keçirilib

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) "Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib.

"Report" xəbər verir ki, konfransda QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı, deputatlar, dini konfessiya rəhbərləri və din xadimləri iştirak ediblər.

Şeyxülislam Allahşükür Paşazadə çıxışında bildirib ki, Heydər Əliyevin prezidentliyi dövründə dini-mənəvi dəyərlər xalqımızın həyatında layiqi yerini tutdu, onun inkişafı üçün bütün imkanlar və münbit şərait yaradıldı: "Ulu Öndər müdrik dövlət başçısı kimi millətimizin yüksək amallar uğrunda sıx birləşməsində milli-mənəvi dəyərlərin önəmini gözəl bilirdi. Ulu Öndərin fəaliyyətində müstəqil Azərbaycanın bütün dünya ölkələri, o cümlədən, İslam dünyası ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi hər zaman mühüm səciyyə daşıyıb".

O vurğulayıb ki, müasir Azərbaycan dövlətçiliyinin qurucusu olan Ulu Öndər Heydər Əliyevin ölkəmizi etnik separatçılıq, dini zəmində parçalanmaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi kimi bəlalardan qoruyaraq xilas etdiyi dövlətimiz bu gün davamlı tərəqqi edir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Heydər Əliyevin apardığı siyasət və onun dəyərli fikirləri onu dünya və Azərbaycan tarixinin əfsanəvi şəxsiyyətinə çevirib: "Onun dövlət başçısından Ümummilli Liderə qədər gəlib çıxması dünya dövlətçilik tarixində çox da geniş yayılmayan tarixi hadisələrdən biridir. Ulu Öndər beynəlxalq aləmdə dünya siyasətini tənzimləyə bilən siyasətçi kimi qəbul edirdi. Bu da xalqımız üçün böyük iftixar hissi idi".

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da öz növbəsində Heydər Əliyevin ölkəmizin bütün sahələrinin inkişafında gördüyü xidmətlərdən bəhs edib. O qeyd edib ki, elm, təhsil və səhiyyənin inkişafında müstəsna xidmətləri olub: "Heydər Əliyev hakimiyyətə gəldikdə sadalanan sahələr üzrə müəyyən durğunluqlar var idi. Ulu Öndər uzaqgörən siyasətçi kimi başa düşürdü ki, yüksək ixtisaslı kadr hazırlığı həyata keçirilməli idi. İstedadlı gəncləri oxumaq üçün xaricə göndərirdi. Kadr hazırlığı ilə yanaşı, yeni müəssisələrin açılışında əməyi olub".

Tədbirin davamında Heydər Əliyevin 1993-cü ildə Təzəpir məscidini ziyarət etməsi, oradakı çıxışı, din xadimləri ilə görüşün yer aldığı kadrlardan ibarət film təqdim olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və digər konfrans iştirakçıları tədbirin davamında Ümummilli Liderlə bağlı xatirələrini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi