Qafqaz Müsəlmanları İdarəsində (QMİ) iyulun 29-da Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib.
İdarədən "Report"a verilən məlumata görə, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının üzvləri, səlahiyyətli nümayəndələri və imamlarına Məhərrəm ayı ilə bağlı tövsiyə və tapşırıqlarını bildirib.
Şeyxülislam A. Paşazadə Əhli-Beytə ehtiram nümunəsi olan bu ayın Vətən müharibəsi şəhidlərimizin anılması üçün müqəddəs məqam olduğunu qeyd edib, İmam Hüseyn şəhidlik məktəbinin yaşadığının göstəricisi olduğunu ifadə edib. Qarabağ Zəfərinin müəllifinin müzəffər Azərbaycan Prezidenti, onun müdrikliklə irəli apardığı Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu olduğunu vurğulayan Şeyxülislam A. Paşazadə Vətən müharibəsində qələbəmizin əsas qüvvətverici amillərinin dövlət-xalq birliyi, dövlət rəhbərinin ətrafında sıx birləşmək, cəmiyyətimiz daxilində milli və dini birlik olduğuna diqqəti çəkib.
QMİ sədri bu dəyərlərin qorunmasının gələcək zəfərlərə doğru addımlamağımız üçün önəmli olduğunu bildirərək din xadimlərinin üzərinə düşən mənəvi vəzifələri xüsusi xatırladıb.
QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciəti oxunub və qəbul olunub. Müraciətdə Aşura mərasimləri ilə bağlı konkret tapşırıq və tövsiyələr yer alıb. O cümlədən, münasib təziyədarlıq nümunələrindən biri kimi ənənəvi keçirilən qanvermə aksiyaları barədə məlumat verilib.
İclasda iştirak edən Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək dövlət-din münasibətlərinin yüksək səviyyəsindən, dini dəyərlərə və din xadimlərinə qayğı və diqqətdən bəhs edib, öz növbəsində, din xadimlərinə Məhərrəm ayı ilə bağlı öz tövsiyələrini bildirib. Din xadimlərinin Vətən müharibəsi günlərində yüksək vətənpərvərlik nümunəsi göstərdiklərini xüsusi vurğulayan Komitə sədri Məhərrəmlik mərasimləri dövründə də dinimizin dəyərlərinin insanlara çatdırılmasında din xadimlərinin üzərinə düşən məsuliyyəti xatırladaraq dövlət xurafat elementlərinin yer almaması üçün diqqətli olmağı tövsiyə edib. M.Qurbanlı Azərbaycan cəmiyyətinin hər zaman ənənəvi dəyərlərinə yüksək ehtiram bəslədiyini vurğulayaraq, bu il də Məhərrəmlik, Aşura mərasimlərinin milli-mənəvi dəyərlərimizə uyğun şəkildə qeyd ediləcəyinə əmin olduğunu bildirib.
İclasda Vətən şəhidlərinin ruhlarına dualar oxunub, Allahdan rəhmət dilənib.