QMİ sədrinin I müavini: “Azərbaycan ərazisində azan eyni vaxtda səslənməlidir”

QMİ sədrinin I müavini: “Azərbaycan ərazisində azan eyni vaxtda səslənməlidir” “Ölkədə azanın müxtəlif zamanlarda verilməsi bizi narahat edir”
Din
19 Dekabr , 2014 09:07
QMİ sədrinin I müavini: “Azərbaycan ərazisində azan eyni vaxtda səslənməlidir”

“Ölkədə azanın müxtəlif zamanlarda verilməsi bizi narahat edir”

Bakı. 19 dekabr. REPORT.AZ/ “Qafqaz Müsəlmanları İdarəsi dini mərkəz olaraq dindarların ehtiyaclarının ödənilməsi baxımından mühüm məqam olan hicri-qəməri təqvim məsələsini hər zaman diqqətdə saxlayır. Hələ sovetlər dönəmində biz bu məsələ ilə bağlı Moskvada yerləşən müvafiq elmi mərkəzlə əlaqə yaradaraq Azərbaycan üçün daha dəqiq təqvimin hazırlanması məsələsi ilə bağlı iş aparırdıq. Şükürlər olsun ki, hazırda Azərbaycan müstəqil dövlətdir və biz bütün sahələrdə olduğu kimi, dini-mənəvi dəyərlərin dirçəldilməsi sahəsində də yeni imkanlar qazanmışıq. Biz uzun illər araşdırmalar, müzakirələr, müxtəlif ölkələrin təcrübəsi ilə tanışlıqdan sonra, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası ilə birgə elmi əsaslar üzərində bərqərar olan və Azərbaycanın yerləşdiyi coğrafi məkana tam uyğun vahid hicri-qəməri təqvim hazırlamış, məscidlərə paylamışıq və bu istiqamətdə işləri davam etdiririk. Bu təqvim Azərbaycan dindarlarına vətənimizin cografi hüdudlarında düzgün olan təqvimə əsaslanaraq öz ibadətlərini həyata keçirmək imkanı bəxş edir. Digər bir vacib məqam bu təqvimin milli vəhdətimizə, vətəndaş həmrəyliyinə, məzhəblərarası birliyimizə xidmət etməsindədir”. Bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin I müavini, müfti Hacı Salman Musayev deyib.

O qeyd edib ki, uzun illər ərzində dünyada müsəlmanların istinad etdiyi Ay təqviminin özəlliyindən irəli gələn bəzi məqamlar fikir ayrılıqlarına səbəb olub: “Bu məqamlar hicri-qəməri təqviminin Miladi təqvimindən qısa olması və bu səbəbdən hər il bayramların 10-11 gün civarında fərqli məqamlara təsadüf etməsindən, müsəlman aylarının yeni Ayın doğuluşu ilə əlaqədar olması, lakin Ayın görünməsi ilə onun doğuluş anının fərqli məqamlara düşməsi kimi astronomik məsələlərlə bağlıdır. Hər ölkənin yerləşdiyi coğrafi en dairəsinə uyğun olaraq Ayın görünməsi zamanları da fərqli olur. Beləliklə, astronomik, coğrafi məsələ kimi gündəmə gələn bu məsələni məzhəb fərqi ilə əlaqələndirməyə ehtiyac yoxdur. Lakin təəssüflər olsun ki, müsəlmanların heç də hamısının bu səbəbləri bilməməsindən istifadə edərək, bəzi dairələr bunu məzhəblərarası problemlər kimi qələmə verməyə və nifaq predmetinə çevirməyə cidd-cəhdlər edirlər.

Azərbaycanda bu sahədə hər hansı problem yaşanmasın deyə, dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi Şamaxı rəsədxanası ilə əməkdaşlıqda artıq uzun illərdir ki, hicri-qəməri təqvim, o cümlədən, ayrıca Ramazan ayının müfəssəl təqvimini hazırlayır. Bu təqvimdə Azərbaycan şəraitinə və dinimizin buyurduğuna uygun göstəricilər əksini tapır”.

Müftinin sözlərinə görə, azan vaxtı ilə bağlı QMİ-nin birmənalı mövqeyi bundan ibarətdir ki, Azərbaycan ərazisində azan eyni vaxtda səslənməlidir: “Şeyxülislam həzrətləri və müfti olaraq mən, Qazılar Şurasındakı hər iki məzhəbdən olan din xadimlərimizlə uzun illər ərzində apardığımız məşvərətdən sonra bu mövqedə bir araya gəlmişik. Azərbaycanda müxtəlif zamanlarda azanın verilməsi bizi narahat edir. Çünki azan müsəlmanları Allaha ibadət üçün bir araya gətirən çağırışdır, burada pərakəndəliyə yol verilə bilməz. Biz öz rəsədxanamızın elmi əsaslarla işləyib tərtib etdiyi və idarəmizə təqdim etdiyi cədvəllər əsasında hazırladığımız təqvimdə göstərilən vaxtlara istinad etməklə bir xalq, millət olaraq mənəvi vəhdətimizi təmin etməyə xidmət edirik. Buna yalnız mənəvi birliyimizi istəməyən, məzhəb ayrı-seçkiliyi salmaq niyyətində olanlar qarşı çıxa bilərlər. Odur ki, cəmiyyətimiz vahid təqvim və azanın eyni vaxtda verilməsi məsələsini dəstəkləməlidir. Əminəm ki, inşallah, belə də olacaq – Azərbaycan xalqı hər zamankı kimi müdriklik nümayiş etdirəcək, birliyimizə qarşı çıxanların məzhəblər arasında təxribat yaratmasına imkan verməyəcək”.

Son xəbərlər

Orphus sistemi