"Prezident İlham Əliyev siyasəti: Dünyəvilik və multikultural dəyərlər" mövzusunda konfrans keçirilib

"Prezident İlham Əliyev siyasəti: Dünyəvilik və multikultural dəyərlər" mövzusunda konfrans keçirilib Dekabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Prezident İlham Əliyev siyasəti: Dünyəvilik və multikultural dəyərlər" mövzusunda konfrans keçirilib.
Din
20 Dekabr , 2022 13:06
Prezident İlham Əliyev siyasəti: Dünyəvilik və multikultural dəyərlər mövzusunda konfrans keçirilib

Dekabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Prezident İlham Əliyev siyasəti: Dünyəvilik və multikultural dəyərlər" mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, DQİDK yanında İctimai Şuranın sədri Sevinc Alızadə, Qafqaz Müsəlmanları İdarəsi, eləcə də, Rus-Provoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının təmsilçiləri, müxtəlif dini konfessiya və ictimaiyyət nümayəndələri iştirak ediblər.

M.Qurbanlı deyib ki, tolerant dəyərlər bugünkü dünya üçün çox vacibdir.

O bildirib ki, bu gün dünya ciddi təhdidlərlə üzləşib: "Bu təhdidlərin qarşını almaq üçün barışa ehtiyac var. Bu məsələdə dini liderlərin üzərinə böyük öhdəlik düşür. Tolerantlıq olmasa, daha ciddi təhdidlər görə bilərik".

M.Qurbanlı xatırladıb ki, tolerantlıq yalnız bir ölkə üçün olmamalıdır: "Bu, qlobal tendensiyadır. Dünyada səmavi dinlərlə yanaşı, digər inanclar da var. İnsanlar buna hörmətlə yanaşmalıdır".

Dövlət Komitəsinin sədri söyləyib ki, artıq dünyada yeni çağırışlar formalaşıb. M.Qurbanlının fikrincə, yeni çağırışlara uyğun siyasət formalaşmalıdır: "Biz bunu Prezident İlham Əliyevin siyasətində aydın görürük. Dünyəvilik Konstitusiyaya görə Azərbaycanın seçdiyi yollardan biridir. Dövlət və din ayrı olmasına baxmayaraq, dövlət dini himayə edir. Dövlət din üçün öz maddi imkanlarından istifadə edir. Azərbaycanda bu siyasət bu gün daha təkmilləşib. Ölkəmizdə bütün dini icmalara bərabər imkanlar yaradılıb. Bu, dünyaviliyin təzahürüdür".

O deyib ki, bu gün Azərbaycanda yaşayan hər bir azərbaycanlı hansı dinə mənsub olmasından asılı olmayaraq Azərbaycan vətənpərvəridir. M.Qurbanlı bildirib ki, bu ideoloji xətt Azərbaycanı din adı altındakı radikal təhdidlərdən qoruyur: "Azərbaycanda Prezident İlham Əliyevin apardığı siyasət praqmatik siyasətdir. Dövlət başçısının apardığı siyasətdə dünyəvilik və multikultural dəyərlər mühüm yer tutur".

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, 1995-ci ildə Azərbaycan Konstitutsiyası hazırlanan zaman təklif edilirdi ki, İslam dininə üstünlük verilsin. Amma ümummilli lider Heydər Əliyev bununla razılaşmadı. Gələcək proseslər bunun nə qədər uzaqgörən addım olduğunu göstərdi.

O söyləyib ki, sonrakı illərdə Azərbaycanda yeni sineqoqlar, kilsələr inşa edilib: "Bu gün Azərbaycanda provoslav kilsələri, yəhuhi sineqoqları fəaliyyət göstərir. Son illərdə Azərbaycanda yüzlərlə məscid təmir edilib. Azərbaycandakı məscidlərdəki möhtəşəmlik bir çox müsəlman ölkələrində yoxdur".

Deputat xatırladıb ki, Ermənistan uzun illərdir Qarabağ müharibəsini müsəlman-xristian münaqişəsi kimi təbliğ etməyə çalışır: "Vətən müharibəsi dövründə Ermənistan bir çox kilsəyə müraciət etdi. Amma onlar müsbət cavab vermədi. Çünki Azərbaycan bütün kilsələrlə çox yaxşı əlaqə qurub".

C.Məmmədov söyləyib ki, bu gün Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır.

Çıxış edən digər tədbir iştirakçıları tolerant və multikultural ənənələrin hökm sürdüyü Azərbaycanda həyata keçirilən din siyasəti, islam və qeyri-islam dini icmalara, onların ibadət yerlərinə göstərilən diqqət və qayğıdan, eyni zamanda Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişləndirilməsinə verdiyi töhfələrdən söhbət açıblar.

Son xəbərlər

Orphus sistemi