Polis Akademiyasında Multikulturalizm fənninin tədrisinə başlanılacaq

Polis Akademiyasında Multikulturalizm fənninin tədrisinə başlanılacaq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini ​Polis Akademiyasının zabit heyəti və müdavimlərlə görüşüb
Din
3 Fevral , 2016 21:00
Polis Akademiyasında Multikulturalizm fənninin tədrisinə başlanılacaq

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Polis Akademiyasının zabit heyəti və müdavimlərlə görüş keçirib.

Bu barədə "Report"a komitənin mətbuat xidmətindən bildirilib.

Tədbiri giriş sözü ilə açan akademiyanın rəisi, general-mayor Nazim Əliyev bildirib ki, ölkəmizdə hər kəsin dini əqidəsini ifadə etmək və yaymaq hüququnun, bütövlükdə konstitusion normalarla tənzimlənən vicdan azadlığının tam bərqərar olunması daim diqqət mərkəzindədir və dövlətimizin vacib saydığı prioritet istiqamətlərdəndir: "Mövcud qanunvericilik, milli və ictimai təhlükəsizlik maraqları rəhbər tutulmaqla vicdan azadlığından sui-istifadə cəhdlərinin, dini radikalizmin, fanatizmin, ekstremizmin qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər həyata keçirilib və hazırda da bu işlər davam etdirilməkdədir".

Nazim Əliyev qeyd edib ki, akademiyada tədris və kadr hazırlığı yüksək səviyyədə aparılır və təhsil alan müdavimlər ölkəmizin inkişafının qarantı olan ictimai-siyasi sabitliyin qorunmasında bundan sonra da öz xidməti vəzifələrini uğurla davam etdirəcəklər.

O bildirib ki, yaxın günlərdə Akademiyada müdavimlərin Azərbaycandakı mövcud multikultural dəyərlərin, tolerantlıq modelinin mahiyyətinin daha da dərindən öyrənilməsi məqsədilə Multikulturalizm fənninin tədrisinə başlanılacaq.

Dövlət komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək, görüşün maarifləndirmə, o cümlədən müdavimlərin milli-mənəvi dəyərlərimizə bağlılığı, ölkəmizdə mövcud tolerant mühitin bundan sonra da qorunması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Səyavuş Heydərov həmçinin radikalizmə meyilli şəxslərin fəaliyyət metodologiyası, istifadə etdikləri üsullar, vasitələr və onlara qarşı mübarizə taktikası barədə məlumatları müdavimlərin diqqətinə çatdırıb, ölkəmizdə dini ekstremizmə qarşı maarifləndirmə və koordinasiya işinin təşkili üzrə keçirilən kompleks tədbirlər barədə iştirakçıları məlumatlandırıb.  

Son xəbərlər

Orphus sistemi