Ordubad şəhərində yerləşən XVII əsrə aid Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib.
"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət, hökumət və ictimaiyyət nümayəndələri iştirak edib.
Səlahiyyətli nümayəndə Cümə məscidinin istifadəyə verilməsi münasibətilə məscidə “Qurani-Kərim” hədiyyə edib, bu əlamətdar hadisənin sülhün, əmin-amanlığın təmin olunması naminə dövlətə, dövlətçiliyə xidmət edəcəyini vurğulayıb.
Qeyd olunub ki, Ordubad şəhərinin Baş planı da hazırlanıb. Ordubad Su Elektrik Stansiyasının əvvəlki dövrdə inşası zamanı layihəsi hazırlanmadığı üçün hazırda tikintisində gecikmələr yaranıb. Yaxın vaxtlarda həmin məsələ də həllini tapacaq.
Gələcəkdə Ordubadın Sərşəhər məscidinin də bərpası nəzərdə tutulub. Bərpa-quruculuq prosesində əsas məqsəd əvvəlki dövrdən fərqli olaraq kəmiyyətdən çox, keyfiyyətə önəm verilməsidir.
Səlahiyyətli nümayəndə Cümə məscidinin istifadəyə verilməsi, eləcə də Novruz, Ramazan bayramları münasibətilə rayon ictimaiyyətini təbrik edib, onlara cansağlığı, işlərində uğurlar arzulayıb.






