Naxçıvan Muxtar Respublikasına səfər edən qonaqların bu torpaqda ilk ayaq basdığı məkanlardan biri buranın şöhrətini bütün dünyaya yayan müqəddəs Əshabi-Kəhf ziyarətgahıdır.
“Report”un Naxçıvan bürosu xəbər verir ki, Əshabi-Kəhf ziyarətgah Naxçıvan şəhərindən, təqribən 12 km aralıda – Culfa rayonunda, Haçadağ və Nəhəcir dağları arasındakı ərazidə yerləşir. Dəniz səviyyəsindən 1 665 metr yüksəklikdəki mağara ən qədim zamanlardan ulu tanrıya pənah gətirənlərin, müqəddəsliyə, ilahi gücə inananların səcdəgahı olub. Aparılmış tədqiqatlar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən “Əshabi-Kəhf” məhz Naxçıvandadır.
“Əshabi-Kəhf” ziyarətgahının adı ərəb dilindən götürülüb. "Əshab” yeniyetmə cavan oğlanlar, "kəhf” isə mağara, sığınacaq yeri deməkdir.
"Əshabi-Kəhf” təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir.
Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və qonaq ziyarət edir.
"Əshabi-Kəhf” ziyarətgahında "Yeddi kimsənə”, "Cənnət bağı", ziyarətgahda yerləşən məscid, "Qara daş”, "Damcıxana” insanların daha çox dualar edib ziyarət etdiyi məkanlardandır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə burada abadlıq-bərpa işləri aparılıb. Ziyarətgahın girişində bu haqda məlumat verən kitabə qoyulub. Kitabədə deyilir: "Əshabi-Kəhf ziyarətgahında bərpa və abadlıq işləri 1998-ci ildə Azərbaycan Prezidenti möhtərəm Heydər Əliyevin tapşırığı və himayəsi ilə görülmüşdür”.