Mübariz Qurbanlı: "Xudavəng birmənalı alban kilsəsidir, çünki Kəlbəcərdə heç vaxt ermənilər yaşamayıb"

Mübariz Qurbanlı: "Xudavəng birmənalı alban kilsəsidir, çünki Kəlbəcərdə heç vaxt ermənilər yaşamayıb" "Dağlıq Qarabağdakı xristian dini abidələri Erməni qriqoryan-Kilsəsinə aid idisə, nəyə görə ermənilər bu məbədlərlə nə çar Rusiyası, nə də SSRİ dövründə maraqlanmırdılar?"
Din
528
11 Fevral , 2021 13:52
Mübariz Qurbanlı: Xudavəng birmənalı alban kilsəsidir, çünki Kəlbəcərdə heç vaxt ermənilər yaşamayıb
Mübariz Qurbanlı

"Dağlıq Qarabağdakı xristian dini abidələri Erməni qriqoryan-Kilsəsinə aid idisə, nəyə görə ermənilər bu məbədlərlə nə çar Rusiyası, nə də SSRİ dövründə maraqlanmırdılar?"

"1894-cü ildə Xocavənd rayonunda rus-pravoslav kilsəsi inşa edilmişdi. Ermənilər 1992-ci ildə Xocavəndi işğal etdikdən sonra o kilsənin başına nə oyunlar açıblar"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Report”a müsahibəsi:

- Azərbaycanda dini etiqad azadlığının təmin olunma səviyyəsi necədir?

- Ölkəmizdə dini etiqad azadlığı Azərbaycan Respublikasının Konstitusiyanın 48-ci maddəsi, “Dini etiqad azadlığı haqqında” qanun və digər qanunvericilik aktları ilə tənzimlənir. Qanunvericiliyə əsasən, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, öz əqidəsini ifadə etmək və yaymaq hüququ var. Bu hüquq yalnız o halda məhdudlaşdırıla bilər ki, ictimai təhlükəsizlik üçün təhdid yaratsın, yaxud da insanların sağlamlıq və ya mənəviyyatına, digər şəxslərin hüquq və azadlıqlarına ziyan vursun.

Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq yüksək səviyyədədir. Ölkəmizdə bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra edirlər, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Çünki dövlət başçımız bilavasitə özü ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın əsas təminatçısı və himayədarıdır. Konstitusiyamız dövlət-din münasibətləri modelini təsbit edib, Azərbaycan dünyəvi dövlətdir.

- Ölkədəki dini durumu necə dəyərləndirərdiniz, dini durumu tam qənaətbəxş hesab etmək olarmı?

- Azərbaycanda dini durum sabitdir, ölkədə mövcud olan müxtəlif dinlərə və məzhəblərə mənsub dindarlar arasında hər hansı formada qarşıdurma müşahidə olunmur. Təbii ki, bunun da kökündə xalqımızın tarixin süzgəcindən keçib gələn tolerantlıq ənənələri və dövlətin bu sahədəki uğurlu siyasəti dayanır. Prezidentin birbaşa rəhbərliyi ilə Azərbaycan hökumətinin bu sahədə həyata keçirdiyi tədbirlər və qəbul etdiyi qərarlar öz müsbət nəticəsini verir. Dövlət vətəndaşların əqidə seçiminə hörmətlə yanaşmaqla bərabər, dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğinin qarşısını almağa davam edir. Ancaq bir çox ölkədə olduğu kimi, Azərbaycanda da dindən siyasi məqsədlər üçün istifadə etməyə və ölkədəki dini vəziyyəti gərginləşdirməyə cəhd göstərənlər az da olsa, var. Bu cür neqativ halların qarşısını almaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aidiyyəti dövlət qurumları ilə birgə öz fəaliyyətini davam etdirir və lazım olan bütün zəruri addımlar atılır. Eyni zamanda, pandemiya və karantin şəraitinə baxmayaraq, Dövlət Komitəsi dini etiqad azadlığı prinsiplərinin qorunması, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində dini maarifləndirmə işini həyata keçirir.

- Uzun müddətdir pandemiya səbəbindən ibadətgahlarda dini ayinlər dayandırılıb, kütləvi toplaşma qadağan edilib. Bu ərəfədə hər hansı pozuntu qeydə alınıbmı? Nəzarət necə həyata keçirilir?

- Bu gün təkcə Azərbaycanda deyil, bir çox ölkədə dini ibadət yerlərinin və ziyarətgahların fəaliyyəti məhdudlaşdırılıb, kütləvi ibadətlər və tədbirlər dayandırılıb. Ölkəmizdə virusun qarşısını almaq və vəziyyəti nəzarətdə saxlamaq məqsədilə ibadət ocaqlarının, o cümlədən məscidlərin, kilsələrin və sinaqoqların fəaliyyəti ilə bağlı məhdudiyyət qalmaqdadır. Pandemiyanın ilk dövrlərindən dini konfessiyalar tərəfindən dini icmalara və dindarlara ayinləri evlərində yerinə yetirmələri ilə bağlı tövsiyə və çağırışlar edilib, din xadimlərimiz də bu təşəbbüsü müsbət qarşılayıblar. Çünki burada əsas məqsəd əhalinin sağlamlığı və insan həyatının qorunmasıdır.

Dini ibadət ocaqları, ziyarətgahlar pandemiya səbəbindən müvəqqəti bağlansa da, bir çox din xadimi öz fəaliyyətini televiziyalar, internet və onlayn informasiya vasitələri üzərindən həyata keçirməyə davam edirlər. Məscidlərdə azan vaxtlı-vaxtında verilir. Ümumi götürdükdə, bu məsələ ilə bağlı pozuntu halları qeydə alınmayıb. Dindarlar karantin tədbirlərinə, o cümlədən dini ibadət və ayinlərə qoyulan məhdudiyyətlərə riayət etməklə qanunun tələblərinə dəstəklərini ifadə edirlər. Mömin insanlar, xüsusilə çətin sınaqlar və böhranlar dövründə hər kəsə nümunə olmalıdırlar. Məsələyə dövlət tərəfindən də nəzarət edilir, monitorinqlər keçirilir və bu sahədə maarifləndirmə işi aparılır. Məsələn, Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq din icma sədrləri və din xadimlərinin iştirakı ilə videokonfrans formatında tədbirlər keçirilir. Videokonfranslarda koronavirus pandemiyasına qarşı ölkəmizdə görülən qabaqlayıcı tədbirlər və həyata keçirilən işlərə diqqət çəkilir, dəfn mərasimləri istisna olmaqla, yas mərasimlərinin keçirilməsinin müvəqqəti olaraq dayandırıldığı vurğulanır. Bununla bağlı istər Nazirlər Kabineti yayında Operativ Qərargahın, istərsə də Qafqaz Müsəlmanları İdarəsinin tapşırıq və tövsiyələrinə əməl edilməsinin vacibliyi din xadimlərinin və dini icma sədrlərinin diqqətinə çatdırılır.

- Pandemiya dövründə dəfn mərasimi ilə bağlı qoyulan qaydalara din xadimləri ciddi riayət edirmi?

- Pandemiya bütün dünyada, o cümlədən Azərbaycanda sosial həyata, insanların həyat tərzinə bir sıra yeniliklər diktə etdi. Sözsüz ki, insanlar üçün ənənəvi sosial münasibətlərdəki, öyrəşdikləri həyat tərzindəki dəyişikliklər asan olmadı. Təbii ki, yeni dövrün reallıqlarına uyğunlaşmaq, sağlamlığın qorunması üçün həyata keçirilən tədbirlərə uyğun davranmaq üçün müəyyən zamana ehtiyac var idi. Pandemiya ilə bağlı sosial təcrid tədbirləri, digər sahələrdə olduğu kimi, dini sahədə də yeni məqamların yaranmasını şərtləndirdi. Bu mənada, dəfn mərasimlərində də insanların kütləvi iştirakının infeksiyanın yayılması üçün münbit şərait yaratması barədə mütəxəssislər tərəfindən həyəcan təbili çalınması həm dövlət, həm də cəmiyyət üçün bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini qaçılmaz etdi. Bu baxımdan, ilk dövrlərlə müqayisədə hazırda xeyli irəliləyişlər əldə olunub. Deyə bilərəm ki, bu istiqamətdə ölkəmizdəki dini qurumlar, dini icmalar, dini mərkəzlər, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə səmərəli əməkdaşlıq quruldu, cəmiyyətin sağlamlığının qorunması üçün tədbirlər görüldü. Əsasən, maarifləndirmə xarakteri daşıyan tədbirlər əhalinin məlumatlandırılmasında mühüm rol oynadı. Dövlət Komitəsinin müvafiq şöbələri tərəfindən yerlərdə din xadimləri, dini icma sədrləri, dindarların iştirakı ilə çoxsaylı vebinarlar, görüşlər, müzakirələr keçirildi. Din xadimləri əhali arasında dəfn mərasimləri zamanı dini baxımdan vacib əməlləri insanların diqqətinə çatdırdılar. Burada diqqəti çəkən məqam o oldu ki, yas mərasimlərində ənənəvi olaraq verilən ehsanların forması dəyişdi. İnsanlar vəfat etmiş yaxınlarına ehsan olaraq, vəsaitlərini ərazilərin abadlaşdırılması, yolların təmiri, imkansız ailələrə, əlillərə, valideynlərini itirmiş uşaqlara yardım kimi xeyirxah əməllərə xərcləməyə yönəltdilər. Beləliklə, bir sıra kiçik istisnaları nəzərə almasaq, ümumilikdə vəziyyəti müsbət qiymətləndirmək olar.

- Pandemiya dövründə hər hansı radikal qüvvələrin aktivləşməsi müşahidə olunubmu?

- Təcrübə göstərir ki, ölkəmizdə radikal və ekstremist təmayüllü dini baxışlar əhali tərəfindən dəstəklənmir. Əksinə, ciddi ictimai müqavimətə və qınağa səbəb olur. Amma bu problem xarici amillər hesabına zaman-zaman meydana çıxır. Bunun da qarşısı qətiyyətlə alınır. Faktlara müraciət etsək, hazırda vəziyyəti qənaətbəxş hesab edə bilərik. Amma unutmaq olmaz ki, radikalizm və ekstremizmdən qaynaqlanan hadisələr birdən-birə baş vermir, müəyyən vaxt aparan prosesin nəticəsi kimi ortaya çıxır. Ona görə də, radikalizm və ekstremizmə qarşı mübarizə kompleks yanaşma tələb edir. Burada vacib istiqamət xaricdən qaynaqlanan radikal və ekstremist fikirlərə qarşı ideoloji mübarizə aparılması, bu düşüncənin dini baxımdan əsassızlığı və fəsadları barədə mütəmadi maarifləndirmə işinin aparılmasıdır. Bu istiqamətdə maarifəndirmə işləri də televiziya, media, həmçinin kitab, jurnal, broşür kimi vasitələrlə yanaşı, internetin imkanlarından istifadə olunmaqla sosial şəbəkələrdə də həyata keçirilir.

- Ötən il ərzində neçə dini icma rəsmi qeydiyyata alınıb, neçəsinin dövlət qeydiyyatı ləğv edilib?

- Ötən il ərzində Dövlət Komitəsində ikisi xristian olmaqla 14 dini icma dövlət qeydiyyatına alınıb. Bununla da Dövlət komitəsində qeydiyyatdan keçmiş dini icmaların sayı 955-ə çatıb. Eyni zamanda, Dövlət Komitəsi tərəfindən hər hansı bir dini icmanın ləğv olunması ilə bağlı məhkəməyə müraciət edilməyib.

- Suriyada və İraqda olan azərbaycanlıların ölkəyə qaytarılması istiqamətində hansı işlər görülür? Ötən il ərzində neçə azərbaycanlı, o cümlədən uşaq ölkəyə qaytarılıb?

- Biz hər zaman qeyd edirdik ki, Suriyaya, İraqa döyüşməyə gedənlər üç qrupa bölünür: müəyyən maddi şirnikləndirməyə inananlar, macəra axtarışında olanlar və orda baş verənlərin, təəssüf ki, cihad olduğuna inananlar. Birinci qismə aid edilənlər qısa zamanda öz səhvlərini anladılar – müxtəlif əyri yollarla gedib “mənzil başına” çatanda gördülər ki, onlara vəd edilən “cənnət”, var-dövlət xülya imiş, sadəcə sadəlövhlük ediblər. İkinci qismə aid edilənlər bir müddət sonra gördülər ki, bu, müharibədir, kompüter oyunu deyil və müharibə meydanı macərapərəstlik yeri deyil, insan həyatı dəyərlidir, onu macəraya qurban vermək olmaz, üstəlik, bu, əgər insanın öz həyatıdırsa. Üçüncü qismə aid olanlar da zaman keçdikcə, o bölgələrdən gələn xəbərləri, insanların hansı məşəqqətlərə məruz qaldıqlarını gördükcə özlərini sübut etmək üçün başqa arena axtarmağın daha məqbul olduğunu anladılar. Onların çox az qismi cihad adı ilə döyüşməyə yollanmışdı ki, onlar da radikal qrupların təsiri altına düşənlər idi.

Dövlət Komitəsi bu mövzuda sənədli filmlər çəkdi, kitablar, qəzet və jurnal nəşr etdi, əməkdaşlarımız, demək olar ki, şəhər-şəhər, qəsəbə-qəsəbə, kənd-kənd gəzərək, xüsusilə, gənclər arasında maarifləndirici işlər apardılar. Eyni zamanda, güc strukturlarımızın yüksək peşəkarlıqla həyata keçirdikləri qabaqlayıcı tədbirlər çox qısa müddətdə nəticəsini verdi. Azərbaycandan digər ölkələrə döyüşməyə gedənlərə mənəvi dəstək verənlər də zərərsizləşdirildi, fəaliyyətlərinin qarşısı tamamilə alındı. Son beş ildə Azərbaycandan o bölgələrə kiminsə döyüşməyə getməsi ilə bağlı fakt, demək olar ki, yoxdur. Çünki artıq Azərbaycanda hamıya bəllidir ki, Suriyada, İraqda gedən müharibə din müharibəsi deyil. Bu, müxtəlif dairələr üçün çəkişmə mərkəzinə çevrilmiş ərazidir. Azərbaycana da bunun aidiyyəti yoxdur. O ki qaldı əvvəllər gedənlərin geri qaytarılmasına, bu məsələ ilə aidiyyəti qurumlar məşğuldurlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə bununla bağlı öz üzərinə düşən vəzifəni yerinə yetirir.

- Dövlət Komitəsi tərəfindən “Dini etiqad azadlığı haqqında” mövcud qanuna dəyişiklikləri nəzərdə tutan təkliflər paketi hazırlanmışdı. Bu dəyişikliklər nələrdir?

- Bilirsiniz ki, qanunlar canlı orqanizm kimidir, zamanın çağırışlarına cavab verməli, dövrün tələblərinə uyğunlaşdırılmalıdır. “Dini etiqan azadlığı haqqında” qanuna müəyyən dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırda müzakirə olunur. Yalnız onu deyə bilərəm ki, dəyişikliklər dövrün tələblərinə görə yaranmış zərurətdən və din sahəsini tənzimləyən qanunvericilik bazasını daha da təkmilləşdirmək məqsədindən irəli gəlir.

- İşğaldan azad edilən ərazilərdə ümumilikdə neçə dini abidələrimiz var? Onların neçəsi qismən də olsa qalıb və ümumilikdə həmin abidələrin bərpası ilə bağlı nə kimi təkliflər verməyi nəzərdə tutursunuz?

- Ötən il Müzəffər Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 30 ilə yaxın Ermənistanın işğalında qalmış ərazilərimizi azad etdi. Xalqımız böyük qələbə sevincini yaşadı. Bununla yanaşı, erməni təcavüzkarları tərəfindən bu ərazilərdə yerləşən yaşayış məntəqələrinin, müxtəlif təyinatlı tikililərin, infrastrukturun təbii ehtiyatların, ekoloji mühitin vəhşicəsinə dağıdıldığının, talan edildiyinin şahidi olduq. Bu barbarlıq aktlarında Azərbaycan xalqının tarixi və mədəni irsinə, həmçinin dini abidələrinə qarşı erməni faşizminin bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozan xüsusi “dəsti-xətti” açıq görünür. Həmin ərazilərdəki dağıntıların miqyası olduqca böyükdür, eyni zamanda dini abidələrə qarşı dərin nifrət və təhqir elementləri xüsusilə özünü göstərir. Biz əvvəllər erməni təcavüzkarları tərəfindən müsəlmanların heysiyyətinə toxunmaq üçün Ağdam “Cümə” məscidində heyvanların, xüsusən donuzların saxlanması barədə faktların şahidi olmuşduq, sonradan biz bu faktları digər işğal olunmuş rayonlarımızda da müşahidə etdik. Bu vəhşilikləri faktlarla göstərən kitab tərəfimizdən beş dildə nəşr olunub. Demək olar ki, iki-üç məscid istisna olmaqla, bütün müsəlman dini abidələri məhv edilib, eyni zamanda Qafqaz Albaniyasına aid xristian abidələri müxtəlif simvol və elementlər əlavə edilməklə qriqoryanlaşdırılmağa çalışılıb. Bu cür vandalizm aktları nəinki Azərbaycan xalqına, eyni zamanda bütün bəşəriyyətin mədəni irsinə qarşı təcavüzdür. Qeyd etdiyim kimi, dağıntıların miqyası çox böyük olduğundan, onların sayı və vəziyyətinin tam qiymətləndirilməsi müəyyən müddət tələb edir. Bu məsələ ilə bağlı dövlətimiz tərəfindən Dövlət Komitəsinin nümayəndəsinin də təmsil olunduğu xüsusi qurum yaradılıb və işin nəticəsi barədə həm yerli, həm də beynəlxalq ictimaiyyət məlumatlandırlacaq.

Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi və tapşırığı əsasında Fond qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayıb. Bildirim ki, fəaliyyət göstərdiyi ilk gündən Heydər Əliyev Fondu Azərbaycanda tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətində bir çox layihələr həyata keçirib. Qürurverici haldır ki, qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə başlanan layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək, işğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılıb.

- Ermənilərin Xudavəng monastrını ziyarət etmələri barədə nə deyə bilərsiniz? Bu ziyarət arzusunun kökündə səmimi dindarlıq varmı?

- Etiqad elə məsələdir ki, burda səmimiyyət ən birinci şərtdir. Əgər inanc səmimi deyilsə, deməli, etiqaddan söhbət gedə bilməz, bu, riyakarlıqdır. Xudavəng monastırı qədim alban məbədidir və bunu sübut edən faktlar var. Tarixdən bəllidir ki, rus çarı I Nikolay 1836-cı ildə Erməni-qriqoryan Kilsəsinin təhriki ilə, qeyri-qanuni olaraq Alban katolikosluğunu ləğv etmiş və yerində erməni katolikosluğunun tabeçiliyinə verilən iki yeparxiya, həmçinin Erməni-qriqoryan Kilsəsinin Tiflis konsistoriyasının tərkibində Gəncə vikariatlığı yaratmışdı. Bu qərar ona görə qeyri-qanuni idi ki, Erməni qriqoryan-Kilsəsi ilə Alban Kilsəsi dini baxımdan tamamilə ayrı istiqamətlərdir. Ən maraqlı məqam isə odur ki, çar Rusiyasının dövründə Dağlıq Qarabağdakı alban kilsələri Erməni-qriqoryan Kilsəsinə verilsə də, ermənilər bu kilsələrdə ibadət etməyiblər. Baxın, çarın fərmanında “verilmə” deyilir və bu, həmin abiədələrin Erməni qriqoryan-Kilsəsinə aid olmadığını aydın göstərir. Hətta sovet dövründə də həmin abidələr Azərbaycanın maddi irsi kimi qorunub və orada heç vaxt dini ayin icra olunmayıb. Yuxarıda dediyim səmimiyyət məsələsindən doğan bir sual ortaya çıxır: yaxşı, əgər bunlar erməni dini məbədləridirsə, niyə ermənilər bu kilsələrdə heç vaxt ibadət etməyiblər? Xudavəng birmənalı alban kilsəsidir və onun yerləşdiyi Kəlbəcər rayonunda ermənilərin heç vaxt yaşamaması bunun əyani sübutlarındandır. Nəinki Xudavəng, heç XIX əsrdə zorla Erməni qriqoryan-Kilsəsinin tabeçiliyinə verilən Gəncəsər və Ağoğlan kilsələrində də ermənilər dini ayin keçirməyiblər. Dağlıq Qarabağdakı xristian dini abidələri Erməni qriqoryan-Kilsəsinə aid idisə, nəyə görə ermənilər bu məbədlərlə nə çar Rusiyası, nə də SSRİ dövründə maraqlanmırdılar? Çünki özləri də yaxşı bilirdilər ki, bu məbədlər onların deyil, onlar bu abidələri nə vaxt özlərininki elan etməyə başladılar? Yalnız torpaqlarımızı işğal etdikdən sonra. Son 30 ildə ermənilər Qarabağdakı bir çox alban kilsəsini qriqoryanlaşdırıblar, onun həm daxili, həm də xarici görünüşündə dəyişikliklər ediblər. Təəssüf ki, işğal dövründə qəsbkar düşmən təkcə insanlarımıza deyil, məbədlərimizə qarşı da soyqırımı həyata keçirdi, tarixi saxtalaşdırmağa çalışdı. Soyqırımına təkcə məscidlərimiz, alban abidələrimiz deyil, həm də pravoslav kilsələri məruz qalıbdır. 1894-cü ildə Xocavənd rayonunda rus-pravoslav kilsəsi inşa edilmişdi.

Ermənilər 1992-ci ildə Xocavəndi işğal etdikdən sonra o kilsənin başına nə oyunlar açıblar, kilsə indi nə vəziyyətdədir – hamımız gördük. Hətta öz dininin abidəsini talan edənlər, dağıdanlar hansı səmimiyyətdən danışa bilərlər? Hansı üzlə özünü məsum və məzlum xalq elan edə bilər? Hansı üzlə “biz xristian olduğumuz üçün müsəlman türklər tərəfindən əzilirik” deyib ümumxristian çağırışları edə bilər? Və yeri gəlmişkən, ortada bu qədər faktlar var ikən qoy şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşündən sonra Qarabağdakı xristian məbədlərinin taleyindən “narahat” olan qurumlar, dövlətlər, şəxslər bu sualı özlərinə versinlər: kimin yanında olmaq lazımdır? Haqqın, yoxsa şərin? Nəinki başqa dinin, hətta öz dininin abidələrinə qarşı da terror edənlərin, yoxsa bütün dinlərin abidələrini qoruyan, bərpa və təmir edənlərin? İşğaldan azad olunmuş ərazilərdəki bütün dini məbədlərimiz – məscidlər, alban kilsələri bərpa olunacaq və Qafqaz Albaniyasının tarixi irsi Azərbaycan tərəfindən hifz olunur. Bu gün Qafqaz Albaniyasına məxsus abidələr dövlət tərəfindən təmir-bərpa edilərək qorunur. Buna nümunə kimi, biz Şəkidəki Kiş məbədini, Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə Qəbələdə udilərin kompakt şəkildə yaşadığı Nic qəsəbəsində yerləşən Çotari alban-udi kilsəsinin və ötən ilin noyabrında Müqəddəs Məryəm Ana Alban kilsəsinin təmir-bərpa edildiyini göstərə bilərik.

Eyni zamanda, Alban Apostol Kilsəsinin varisi olan Alban-udi xristian dini icmasının nümayəndələri üç dəfə Ermənistan işğalından azad olunmuş Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini və bu günlərdə Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi “Ağoğlan” monastırını ziyarət ediblər. Alban-udi xristian dini icmasına öz tarixi məbədlərini ziyarət etmək üçün bütün şəraitin yaradılması bir daha dövlətin multikulturalizm siyasətinin, milliyyətindən və dinindən asılı olmayaraq bütün vətəndaşların dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasının bariz göstəricisidir.

Son xəbərlər

Orphus sistemi