Bakı. 22 sentyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 23-26-da Türkiyədə səfərdə olacaq.
Komitədən "Report"a verilən məlumata görə, səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Türkiyə Dəyanət İşləri Başqanlığı, İslam Əməkdaşlıq Təşkilatı İslam tarix, incəsənət və mədəniyyət tədqiqatları Mərkəzi (İRCİCA) və Türkiyənin Mərmərə Universiteti ilə birlikdə bu ilin sentyabr ayının 25-də Türkiyənin İstanbul şəhərində keçirəcəyi "İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında" mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları, Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əhliman Əmiraslanov və Cavanşir Paşazadə daxildir.
Eyni zamanda, Avropa İttifaqı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə layihəsi çərçivəsində DQİDK-nın və Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələri bu ilin sentyabrın 26-27-də Brüsseldə səfərdə olacaqlar.
Səfər çərçivəsində nümayəndə heyəti Avropa Parlamentinin vitse-prezidenti, parlamentin Avropa Xalq Partiyasından olan deputat qrupu, Belçikada fəaliyyət göstərən dini icmalar və qeyri-hökumət təşkilatları ilə görüşəcək. Həmçinin, NATO-nun Baş Qərargahında bu qurumun Baş katibinin müavini ilə görüş nəzərdə tutulur.
Azərbaycandan gedəcək nümayəndə heyətinin tərkibinə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Qafqaz Müsəlmanların İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, İlahiyyat məscidinin imamı Ceyhun Rüstəmov, Avropa Yəhudilərinin Bakı dini icmasının rəhbəri Aleksandr Şarovski, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Elnur Əfəndiyev, “Həyat sözü” protestant icmasının rəhbəri Rasim Xəlilov daxildir.