Mübariz Qurbanlı: "Məhərrəm ayı ilə bağlı ciddi qanun pozuntusu aşkarlanmayıb"

Mübariz Qurbanlı: "Məhərrəm ayı ilə bağlı ciddi qanun pozuntusu aşkarlanmayıb" Məhərrəm ayının ilk günündən bu yana keçirilən monitorinqlərdə hər hansı ciddi qanun pozuntusu aşkar etməmişik, sakit və fətvaya uyğun şəkildə mərasimlər keçirilir.
Din
7 Sentyabr , 2019 12:03
Mübariz Qurbanlı: Məhərrəm ayı ilə bağlı ciddi qanun pozuntusu aşkarlanmayıb
Report.az

"Məhərrəm ayının ilk günündən bu yana keçirilən monitorinqlərdə hər hansı ciddi qanun pozuntusu aşkar etməmişik, sakit və fətvaya uyğun şəkildə mərasimlər keçirilir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, əsas mərasim Aşura günü keçiriləcək mərasimlərdir: "Aşura günü ilə bağlı keçirilən mərasimlərdə bəzən qançıxarma, başyarma, zəncirvurma kimi xurafat əlamətləri olan hərəkətlərə yol verilirdi. Bu hərəkətlər dinimizdə də bəyənilmir. Ona görə bunun əvəzinə Aşura günü ilə bağlı qanvermə aksiyaları keçirilir".

Dövlət Komitəsinin sədri bildirib ki, monitorinqlərdə əgər hər hansı məsciddə fətvadan kənara çıxma halları və yaxud qanun pozuntusu olursa, bununla bağlı müvafiq tədbirlər görülür: "Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həmin məscidin imamına xəbərdarlıq olunur ki, bunlar təkrar edilməsin".

M.Qurbanlı qeyd edib ki, Aşura günü Qafqaz Müsəlmanları İdarəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, eyni zamanda ayrı-ayrı dini konfessiyaların nümayəndələri şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə qanvermə aksiyasında iştirak edəcək: "Mən də həmin qanvermə aksiyasında iştirak edəcəyəm. Aşura gününün qeyd edildiyi dünyanın müxtəlif bölgələrində Azərbaycan nümunəsi təkrar olunmaqdadır. Bizim dəyərlərimiz var, İslamda dinlə bağlı mərasimlərimiz də var. Kərbəla hadisəsinin qeyd edilməsi də həmin mərasimlər sırasındadır, Aşura hüzn mərasimidir. Bu mərasimdə vətəndaşların iştirakı insanların öz istəyindən asılıdır. Biz demokratik, azad ölkəyik və dini etiqad azadlığı hər zaman təmin edilir". 

Son xəbərlər

Orphus sistemi