“Azərbaycanda dini təhsillə bağlı müəyyən boşluqlar aradan qaldırılmalıdır”.
“Report” xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı parlamentdə “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” mövzusunda keçirilən iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən, dini məbədlərdə çalışanlar sırf ölkə vətəndaşları olmalıdır: “Dövlət Komitəsi yalnız islam dini ilə bağlı məsələlərlə məşğul olmur. Artıq qanunvericilik hansısa dövlətin dini nümayəndəsinin ölkəmizdə təbliğat aparmasının qarşısını alır. Bundan başqa, dini təhsilin müəyyən istisna hallar nəzərə alınmaqla yalnız Azərbaycanda alınması ilə bağlı tələb var. Çünki müstəqilliyin ilk dövrlərində kadr hazırlığı və çatışmazlığı səbəbindən xeyli vətəndaşımızı xaricdə dini təhsil almağa göndərmişdik. İslam dini haqqında geniş bilgiyə malik olmaqla bərabər, onların bir qismi də təhsil aldığı ölkənin dövlət-din modelini mənimsəyib. Nəticədə Azərbaycana qayıtdıqdan sonra həmin modeli ölkəmizdə tətbiq etməyə, dinlə bağlı tədbirləri, mərasimləri transfer etməyə çalışıblar”.