Kazanda Allahşükür Paşazadə ilə Patriarx Kiril arasında görüş olub

Kazanda Allahşükür Paşazadə ilə Patriarx Kiril arasında görüş olub Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Kazan şəhərində keçirilən "Rusiya -İslam aləmi strateji baxış qrupu"nun növbəti illik görüşündə bir sıra ikitərəfli görüşlər keçirib.
Din
19 May , 2023 18:58
Kazanda Allahşükür Paşazadə ilə Patriarx Kiril arasında görüş olub

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Kazanda Moskva və Bütün Rusiyanın Patriarxı Kiril ilə görüşüb.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, Patriarx Kiril Allahşükür Paşazadənin müasir İslam tarixinin görkəmli dini lideri, beynəlxalq müstəvidə böyük nüfuza sahib olduğunu vurğulayıb: "Mən aramızdakı səmimi dostluq və əsl qardaşlıq münasibətləri, sözdə deyil, əməldə həmfikir olmağımızı mən çox yüksək qiymətləndirirəm. Ayrıca mən bu gün Azərbaycan dövlətinə və xalqına, o cümlədən şeyxülislama ölkənizdə pravoslavlar üçün yaradılmış yüksək şəraitə görə təşəkkür etmək istəyirəm". 

QMİ sədri, öz növbəsində, Patriarx Kirilə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırmaqdan və onunla yenidən görüşməkdən şərəf duyduğunu dilə gətirib.

A.Paşazadə Patriarx Kirilə Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişənin dini zəminə keçməsinin qarşısını almağa, eləcə də Cənubi Qafqazda qarşılıqlı etimadın bərpasına yönəlmiş fəaliyyətinə görə bir daha öz minnətdarlığını bildirib və iki lider arasındakı səmimi dostluq və həmrəyliyi yüksək qiymətləndirdiyini ifadə edib.

Patriarx Kiril bundan sonra da Azərbaycan və Ermənistan dini liderlərinin arasında vasitəçilik rolunu oynamağa hazır olduğunu vurğulayıb: "Xahiş edirəm, mənim səmimi salam-dualarımı dərin hörmət və rəğbət bəslədiyim Prezidentə, Mehriban xanıma və Leyla xanıma çatdırın". 

Görüş zamanı tərəflər müxtəlif beynəlxalq dini və dinlərarası dialoq qurumları, o cümlədən, Ümumdünya Kilsələr Birliyi, KAICIID dinlərarası dialoq mərkəzi, habelə digər beynəlxalq təşkilatlarla bağlı məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi