Bu gündən imam və imam müavini vəzifələri üzrə 37 vakant yerə müsahibə keçirilir.
"Report" xəbər verir ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 13 fevral 2023-cü il tarixindən etibarən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə prosesinə start verilib.
Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov bildirib ki, qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilib: "Müsahibənin nəticələri isə keçirildiyi gün ərzində Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdirilir. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha rəsmi təyinat alır".
O, qeyd edib ki, 15 fevral tarixinədək qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə namizədlərin müsahibəsi keçirilib.
Xatırladaq ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb.
Bu qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir.