"İrandakı səfirliyimizə silahlı hücum hamımızın hiddətinə səbəb oldu".
"Report"un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
"Bu terror aktını qətiyyətlə qınayır, Allahdan şəhid olmuş igidimiz Orxan Əsgərov üçün rəhmət, yaralanmış səfirlik əməkdaşları üçün isə şəfa diləyirik. Hamımız bu ağır vəziyyətdə mərdlik nümayiş etdirən diplomatlarımızın yanındayıq. Bu cinayətdə əli olan hər kəsin ən ağır şəkildə cəzalanmasını tələb edirik", - ilahiyyatçı vurğulayıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.