Gündüz İsmayılov: Azərbaycandakı 2500-ə yaxın məscidin təxminən 1000-də din xadimi yoxdur

Din
  • 12 noyabr, 2026
  • 13:05
Gündüz İsmayılov: Azərbaycandakı 2500-ə yaxın məscidin təxminən 1000-də din xadimi yoxdur

Azərbaycanda mövcud olan 2500-ə yaxın məscidin təxminən 1000-də din xadimi fəaliyyət göstərmir.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, fəaliyyət üçün təyinat alan din xadimlərinin təxminən 1/3-nin ümumiyyətlə, nə orta, nə ali dini təhsili yoxdur:

"Ölkədə xaricdə dini təhsil alıb gələnlərin sayı ən azı 3500 nəfər civarındadır. Belə olan təqdirdə, xaricdə yaşayan soydadaşlarımızın Azərbaycanda dini təhsilə cəlb olunması əsas prioritetə çevrilir. Onların da sayı yüzlərlədir. Qarşımızda duran əsas məsələ bu sahədə ixtisaslı milli kadrların hazırlanmasıdır. Azərbaycanda yeganə ali dini təhsil müəssisəsi Azərbaycan İlahiyyat İnstitutu, orta ixtisas təhsil müəssisəsi isə onun tabeçiliyindəki Bakı İlahiyyat kollecidir. İlahiyyat İnstitutunun ilk məzunlarından artıq 50-si məscidlərdə təyinat alıb. Türkiyədə son bir ay ərzində iki məzunumuz təyinat alıb, üç məzunumuz isə Gürcüstanda dini sahədə fəaliyyətə başlayıb".