Tbilisi. 12 fevral. REPORT. AZ/ “Azərbaycandakı tolerantlıq, multikulturalizm siyasəti, dövlət-din və din-cəmiyyət münasibətləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli “Din və ictimai həyat” mövzusunda Tbilisidə keçirilən beynəlxalq konfransda söyləyib.
Gürcüstanda Pravoslav Kilsəsinin bərpasının 100 illiyinə həsr olunmuş konfransda Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Baş nazir Georgi Kvirikaşvili, parlamentin sədri İrakli Kobaxidze və başqaları çıxış edərək Gürcüstanda din-cəmiyyət münasibətlərindən danışıb, dövlətin din siyasətinin ayrı-ayrı aspektlərini diqqətə çatdırıblar.
Bildirilib ki, 1811-ci ildə rus imperiyası tərəfindən dağıdılan, ləğv edilən gürcü patriarxlığı uzun və əzmkar mübarizədən sonra 1917-ci ildə yenidən bərpa olunub. Bu gün qarşılıqlı inam, tarixi ənənələr və mədəniyyətlər arasındakı qarşılıq hörmət Gürcüstanda cəmiyyətinin əsas nailiyyətlərindən biridir. Bu gün ölkədə tolerantlıq hökm sürür. Gürcüstanda bütün dini icmalar bərabər şəkildə inkişaf edir, dini ayinləri icra edirlər.
Konfrans sonra işini panel iclaslarda davam etdirib. E.Mədətli panel iclasda “Azərbaycan Respublikasının dövlət siyasəti və din-cəmiyyət münasibətləri” mövzusunda çıxış edib.
O, Azərbaycanın tolerant ölkə olduğunu bir daha diqqətə çatdırıb və ölkəmizdəki dövlət-din münasibətləri barədə məlumat verib.
Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində həyata keçirilən multikulturalizm siyasəti ölkəmizə çox böyük uğurlar gətirib. Bu gün Azərbaycanda din-cəmiyyət münasibətləri vəhdət təşkil edir. Azərbaycanda 2016-cı il multikulturalizm ili, 2017- ci il İslam Həmrəyliyi İli elan olunmuşdu. Bu il isə Naxçıvan İslam mədəniyyətlərinin paytaxtı elan olunub. Bütün bunlar bütün dünyada, beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.
E.Mədətli Gürcüstanda din-cəmiyyət münasibətlərini, dövlətin dini icmalara göstərdiyi qayğını yüksək qiymətləndirib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərliyi də iştirak ediblər