“Dini qurumlar xalqların ürəyi kimidir. İslam dünyasının bütün məsələlərdə öz problemlərini öz imkanları və dinamikası ilə həll edə biləcəyini nümayiş etdirən kollektiv işi genişləndirməli və gücləndirməliyik”.
“Report”un məlumatına görə, bunu Türkiyə diyanət işləri başkanı Əli Erbaş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin 3-cü görüşündə çıxışı zamanı deyib.
“Biz müsəlman dini liderləri olaraq bütün insanları əhatə edəcək ədalət və mərhəmət hissinin kök salması, imandan sui-istifadə hallarının qarşısının alınması, xüsusən də din vasitəsilə terror və anarxiyanın yaradılmasının qarşısını almaq üçün ciddi işlər görməliyik. Biz dini xidmət və təhsillə xalqlarımızın mənəvi həyatına rəhbərlik edən qurumlarıq. Dini qurumlar xalqların ürəyi kimidir. Çünki dini xidmət və təhsil düzgün məlumat və üsulla qarşılanmadıqda sui-istifadəyə açıq olur və bir çox problemlər yarada bilər. Bunun üçün təcrübə mübadiləsi, kurikulum, resurs və material inkişafı kimi sahələrdə, xüsusən də gənclər və ailə kimi mövzularda birgə araşdırmalar çox vacibdir. İnanıram ki, bu və buna bənzər bir çox işləri birlikdə həyata keçirəcəyik”, - Türkiyənin dini lideri vurğulayıb.