Bakı. 22 yanvar. REPORT.AZ/ "Bu gün Azərbaycanda sünnilərlə şiələr arasında dini müstəvidə olan münasibət, hətta avropalıları da təəccübləndirir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, avropalılar Avropa, ərəb ölkələrində sünni və şiə münasibətlərinin ən gərgin fazalarının şahidi olublar: "Bu gün dünyada gedən ölkələrarası münasibətlərdə də bu hal özünü göstərir. Belə bir fonda Azərbaycanda sünni və şiələrin məsciddə bir yerdə namaz qılmaları unikal və son dərəcə təkrarsız bir örnəkdir. Bizə qonaq gələn hər bir avropalı çox böyük təəccüblə Azərbaycanın hər yerində olan tolerant mühitini dəyərləndirir. Küçədə yanımızdan başında öz libası ilə yəhudi, öz geyimində bir katolik getdiyi zaman heç kim bunun fərqinə varmır, ona təəcüblə və ya amansızlıqla baxmır. Avropalılar bu halı Azərbaycanda görəndə həqiqətən təəccüblənirlər. Bu hal Azərbaycan mühitinin dünyaya təqdim edə biləcəyi modelin bir nümunəsidir".