Dövlət Komitəsi: Kütləvi iftar süfrələrinin təşkili yolverilməzdir

Dövlət Komitəsi: Kütləvi iftar süfrələrinin təşkili yolverilməzdir "İftar süfrəsi açmaq istəyənlər vəsaiti imkansızlara yönəldə bilərlər"
Din
187
15 Aprel , 2021 16:57
Dövlət Komitəsi: Kütləvi iftar süfrələrinin təşkili yolverilməzdir

"Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayının başlaması ilə bağlı fətvası var. Orada bu məsələlər qeyd edilib. Bütün insanlar pandemiya şəraitinin tələblərinə əməl etməlidirlər. Dindar insanlar cəmiyyətimizin ən həssas və duyarlı bir təbəqəsidir. Əminəm ki, dindarlarımız ölkəmizdə pandemiya qaydalarının tələblərinə əməl edəcəklər".

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

Sədr müavini xatırladıb ki, hazırda ölkədəki məscidlər fəaliyyət göstərmir:

"Onların fəaliyyəti üçün hələ ki, münbit şərait yoxdur. Çünki pandemiya şəraiti buna imkan vermir. Ona görə də məscidlərimiz, ziyarətgahlarımız bağlıdır. Sevindirici haldır ki, dindarlarımız da bunu anlayışla qəbul edirlər. Çünki virus və onun yaratdığı fəsadlar hər birimizə bəllidir".

Gündüz İsmayılov
Gündüz İsmayılov

"Adətən, Ramazan ayında yardımlaşma, bir-birini ziyarət etmə və kütləvi iftar mərasimləri təşkil edilir və dinimiz də bunu təqdir edir. Amma QMİ-nin fətvasında buna toxunulub ki, belə iftarların təşkil edilməsi məqsədəuyğun deyil və yolverilməzdir. Buna həm də mövcud vəziyyət və qəbul edilmiş qərarlar imkan vermir. Ona görə də dindarlarımıza tövsiyə edirik ki, öz evlərində ailə üzvləri ilə birlikdə iftar süfrələri açmaq şərti ilə bunu təşkil edə bilərlər", - o əlavə edib.

G.İsmayılov qeyd edib ki, kütləvi iftar süfrəsi açmaq istəyən insanlar ona xərcləyəcəkləri vəsaiti imkansızlara yönəldə bilərlər:

"Bizim məscidlərimizin icmaları, din xadimləri var. Onlar artıq belə kampaniyaya başlayıblar ki, xeyir əməl etmək istəyənlər onlara müraciət etsin və iftara sərf olunacaq vəsait icmaya köçürülə bilər. Həmin vəsait isə təbii ki, ehtiyacı olan insanların iftarı üçün nəzərdə tutulub".

Son xəbərlər

Orphus sistemi