Dini konfessiyaların rəhbərləri İlham Əliyevi təbrik edib

Dini konfessiyaların rəhbərləri İlham Əliyevi təbrik edib Azərbaycandakı dini konfessiyaların rəhbərləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Din
23 Dekabr , 2022 17:33
Dini konfessiyaların rəhbərləri İlham Əliyevi təbrik edib
İlham Əliyev

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

"Report"un xəbərinə görə, təbrik məktubunda deyilir:

"Möhtərəm cənab Prezident!

Zati-alinizi ad gününüz münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizə, beynəlxalq müstəvidə böyük dəyər kəsb edən səylərinizə Uca Yaradandan uğurlar diləyirik.

Siz müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə, dövlətçilik təfəkkürünüzlə təsdiq etmiş dövlət xadimisiniz. Sizin Azərbaycan xalqına bəxş etdiyiniz Qarabağ Zəfəri uğurlu dövlət xadiminin, qalib sərkərdənin doğma xalqına əvəzsiz töhfəsi olub, bəşər tarixinə həkk olunacaq hadisənin miqyasına bərabərdir. Uca Yaradanın lütfü ilə Siz Azərbaycan Ordusunun gücünə, xalqın sarsılmaz həmrəyliyinə və iradəsinə, dövlət-xalq birliyinə əsaslanan müdrik siyasətinizlə Azərbaycanın haqq işinin qələbəsini təmin etdiniz. Azərbaycan torpaqlarının işğaldan azad edilərək ərazi bütövlüyünün bərpası yönündə Ali Baş Komandan olaraq rəhbərlik etdiyiniz qalibiyyətli Vətən müharibəsi haqqın, ədalətin təntənəsi kimi tarixin salnaməsinə həkk oldu. Vətənimizin, regionumuzun gələcəyi üçün bu Zəfərin dəyəri misilsiz, dünyanın inkişaf istiqamətləri baxımından taleyüklüdür.

Uca Yaradan doğru yolda olanların səy və əməllərinə rəvac verir! Biz fəxr edirik ki, dilindən və dinindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz fəxarət anları yaşadan Qarabağ Zəfərinin müəllifi, Azərbaycan xalqının böyük oğlu, müdrik dövlət rəhbərimiz — Zati-alinizin qətiyyəti sayəsində dövlət bayrağımız azad Qarabağda dalğalandı, məscidlərimizin minarələrindən azan səsləri ucaldı, işğal dövründə vandalizmə məruz qalmış dini məbədlərimiz əsarətdən qurtuldu. Şükürlər olsun ki, Vətənimizə, millətimizə uğurlar yaşadan bir lider qismətimiz olmuşdur. Böhranları üstələyə bilən iqtisadiyyatı, yüksək siyasi mədəniyyəti, dini-mənəvi dəyərləri ilə tanınan Azərbaycan dünyaya örnəkdir. Bütün bunlar, heç şübhəsiz ki, Sizin güclü, ardıcıl siyasi iradənizin sayəsindədir. Bu gün Sizin rəhbərliyinizlə multikultural, bəşəri dəyərlərə sadiq Azərbaycan işğaldan azad olunmuş torpaqlarında erməni vandalizminin acı nəticələrini aradan qaldırır, möhtəşəm infrastruktur layihələri, genişmiqyaslı quruculuq işləri reallaşdırır. Allah evlərinin, məbəd və ibadət məkanlarının yenidən inşa-bərpası ilə bağlı qətiyyətli iradə və fəaliyyətiniz bizi hədsiz sevindirir.

Möhtərəm cənab Prezident, dini konfessiya rəhbərləri olaraq, Sizə ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınıza görə dərin minnətdarlığımızı bildirməkdən şərəf duyuruq. Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının mənəvi harmoniya şəraitində bir ailənin üzvləri kimi xoşbəxt yaşamalarını təmin edən multikultural ənənələrimiz dünyanın müxtəlif nöqtələrində yaşayan azərbaycanlılarla vəhdətdə Azərbaycan dövlətinin qüdrətini sarsılmaz etmişdir. Sizin təvəllüd gününüz bizə xoş fürsət verir ki, Zati-alinizin dövlətimiz və cəmiyyətimiz üçün böyük xidmətlərinə görə bütün Azərbaycan dindarlarının dərin təşəkkürlərini bir daha ifadə edək. Azərbaycandakı müxtəlif dini konfessiyaların nümayəndələri - dindarlar və din xadimləri fəxr edir və inanırlar ki, Azərbaycanı qalib ölkə, xalqını zəfər çalmış xalq yüksəkliyinə qaldırmış Zati-alinizin rəhbərliyi ilə Vətənimiz bundan sonra da yeni zirvələrə yüksələcək, hər zaman uğurlara imza atacaqdır. Sizin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə bərabər azad Qarabağın dirçəldilməsi yönündə həyata keçirdiyiniz genişmiqyaslı quruculuq işləri, Allah evlərinin, məbəd və ibadət məkanlarının yenidən inşa-bərpası ilə bağlı iradə və fəaliyyətiniz bizi hədsiz sevindirir. Qısa zamanda Azərbaycanın Qarabağ torpaqları Sizin yenilməz siyasi iradəniz sayəsində öz yeni, nəfis görkəmi, möhtəşəm infrastrukturu, yol layihələri, abad şəhər və kəndləri, beynəlxalq hava limanları ilə hər birimizi sevindirir. XXI əsrdə Zati-alinizin müdrik rəhbərliyi ilə qazandığımız böyük nailiyyətlər, həyata keçirdiyiniz müstəqil daxili və xarici siyasət Azərbaycanı yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə zirvəsinə yüksəltmişdir. Təvəllüd gününüzdə dünyanın müxtəlif nöqtələrindən təbriklər qəbul edən qalib xalqın müzəffər sərkərdəsi olaraq Sizin ən böyük mükafatınız xalqın dəstək və həmrəyliyi, sonsuz məhəbbəti, dərin etimad və hədsiz minnətdarlığıdır. Var olun, hər zaman Zirvədə olun, uğur həmişə Sizə yar olsun! Zati-alinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi, beynəlxalq miqyasda insan həmrəyliyinə xidmət edən ideyalarınızı dəstəkləyən, hər zaman diqqət, qayğı və himayənizi hiss edən biz dindarların duaları həmişə Sizinlədir!

Möhtərəm cənab Prezident! Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurası adından Sizi - Azərbaycan Prezidentini, müzəffər Ali Baş Komandanı ad gününüz münasibətilə ürəkdən təbrik edir, ölkə dindarlarının iradəsini ifadə edərək Zati-alinizə və dəyərli ailənizə cansağlığı, xoşbəxtlik, dövlətçiliyimiz naminə fəaliyyətinizdə uğurlar diləyirik. Sizin qlobal müstəvidə dinlər və sivilizasiyalararası dialoq işinə verdiyiniz böyük əməli töhfələri yüksək dəyərləndirən nüfuzlu din xadimlərinin səmimi təbrik və xoş arzularını Zati-alinizə çatdırmaqdan məmnunluq duyuruq.

O Bir Olan Yaradanımız hər zaman yardımçınız olsun, öz lütf və mərhəmətini Azərbaycan xalqı, dövləti və onun müdrik Prezidenti üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə,

Qafqaz Müsəlmanları İdarəsinin sədri

Milix Yevdayev,

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Arximandrit Aleksiy Nikonorov

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi

Yepiskop Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol

prefekturasının ordinarisi

Aleksandr Şarovski

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert Mobili

Alban-udi Xristian Dini İcmasının sədri"

Son xəbərlər

Orphus sistemi