QMİ: Din xadimləri qanunsuz dini nikah bağladığı halda dövlət tərəfindən cəzalandırılır

QMİ: Din xadimləri qanunsuz dini nikah bağladığı halda dövlət tərəfindən cəzalandırılır "Ruhanilərin hər birinə dövlət nikahı olmadan dini kəbin bağlamamaq tapşırılıb"
Din
5 Aprel , 2017 15:39
QMİ: Din xadimləri qanunsuz dini nikah bağladığı halda dövlət tərəfindən cəzalandırılır
Report.az

Bakı. 5 aprel. REPORT.AZ/ "Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təyin etmədiyi şəxslərin qanunsuz, eləcə də dinə zidd şəkildə nikah bağlaması əməllərinə qarşı hər zaman mübarizə aparılıb".

Bunu "Report"a QMİ-nin Fətva və moizə şöbəsinin əməkdaşı Valeh Nəsirov bildirib.

Onun sözlərinə görə, QMİ regionda olan ruhanilərin hər birinə dövlət nikahı olmadan dini kəbin bağlamamağı tapşırıb: "Bu qadağaya əməl etməyənlər qanunamüvafiq şəkildə cəzalandırılırlar. QMİ ilə əlaqəsi olmayan din xadimləri qanunsuz dini nikah bağladığı halda onlara qarşı həm dövlət, həm də idarə tərəfindən mübarizə aparılır. Ölkə ictimaiyyəti də bu mübarizədə fəallıq göstərməlidir. Biz dünyəvi dövlət olduğumuza görə bu hala yol verən din xadimlərinə dövlət qanunlarına uyğun şəkildə mühakimə olunmalıdır. Əgər Gəncə şəhərində doğrudan da kimsə qadağan olunmuş nikah bağlayıbsa, dövlət tərəfindən öz cəzasını alacaq".

V.Nəsirov deyib ki, "Quran"ın Nisa surəsinin 23-cü ayəsində hansı qohumlarla nikah bağlamağın haram olduğu buyurulub: "Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!"   

Qeyd edək ki, kütləvi informasiya vasitələrində Gəncə şəhərində əminin qardaşı qızını qaçırması və onunla dini nikaha daxil olması məsələsi ilə bağlı məlumatlar yayılıb.

Son xəbərlər

Orphus sistemi