“Azərbaycan İslam dinin ən doğru əsaslarda və düzgün fəlsəfi təməllərdə dərk edildiyi ölkələrdən birdir. Ona görə də tarixin müxtəlif dövrlərində, müxtəlif xalqların öz qeyri-islami ənənələrini və şovinist ambisiyalarını din, ya da məzhəb adından dinimizə yamaq edərək şüurumuza yerləşdirməsini qəbul etmir”.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, başqa xalqların məzhəb adı altında milli şüurumuzu işğal etməsi və bu vasitə ilə milli maraqlarımız üzərində istila qurması əsla qəbul edilən deyil:
“Çox yaxşı ki, xalqımız bunun fərqindədir və uzun əsirlər boyu radikal məzhəbçiliyi din kimi bizə sırımağa çalışanlara, məzhəb üzərindən bizi özlərinə kölə etməyə çalışan mərkəzlərə qarşı layiqli mübarizə aparır. İslam dininə görə insanın özünə əzab verməsi qadağandır. Buna mazaxizm (özünə əzab vermək - Red ) deyilir. Nə milli psixologiyamızda, nə də dini inancımızda bu yoxdur .
Ona görə də Aşura günü adətimizin ən uyğun şəkildə yerinə yetirilməsi üçün inanc sahiblərimiz ən doğru formanı seçməyi bacarıblar. Bu, həm İslam dinin məntiqinə və fəlsəfəsinə, həm də milli adət və ənənələrimizə uyğundur. Üstəlik Azərbaycan qanunları tərəfindən də dəstəklənir. Yəni müsəlman olaraq xeyir əməl icra edərək Aşura günündə qanvermə aksiyası keçiririk. Bu olduqca təqdir və təşviq olunmalı bir hadisədir”.
Deputat bildirib ki, inanc yerlərimizdə təşkil edilən kütləvi qanvermə yüzlərlə insanın müalicəsi və şəfa tapması baxımından mühüm əhəmiyyət kəsb edir:
“Beləliklə də həm dinimizin rituallarını düzgün yerinə yetirmiş olur, həm də savab əməl icra etmiş oluruq ki, bu da din üçün ən məqbul əməldir. Ona görə də Aşura mərasimin bu cür humanist və saleh əməllərlə icrası mümkünkən onu mazaxizmə çevirmək yolverilməzdir. Mömünlərimizin Aşura günündə qanvermə aksiyası bütün İslam aləmi üçün bir nümunədir və bu ənənə daha da genişlənməlidir”.