Bakı. 7 fevral. REPORT.AZ/ Bəzi dindarlar cümə namazı zamanı oxunan xütbələrdən narazıdırlar. Buna səbəb kimi isə daha çox xütbələrin təkrarlanması, xütbələrdə insanların maarifləndirilməsinə yönəlmiş fikirlərin az olması göstərilir. Bəs görəsən problemin kökündə nə dayanır? Doğrudanmı məscidlərdə oxunan xütbələr qənaətbəxş deyil?
"Heydər" məscidinin axundu Rüfət Qarayev "Report"a açıqlamasında işlədiyi məsciddə təkrar xütbələrin oxunmadığını bildirib: "Məscidin fəaliyyətə başlamasından keçən müddət ərzində 60-a yaxın xütbə oxunub. Onlardan da heç birinin məzmunu eyni olmayıb. Adətən, cümə xütbəsi iki hissədən ibarət olur və günün nəbzinə uyğun seçilir. Bu günədək əxlaqi dəyərləri əks etdirən, insanları maarifləndirən xütbələrə yer verilib. Bu hal sadəcə xütbə kitabını əlinə alıb oxuyan, öz üzərində işləməyən axundlara aid ola bilər".
Onun sözlərinə görə, xütbələrdə əsas meyar "Quran" kitabı götürülür, eyni zamanda peyğəmbərin hədislərinə əsaslanılır: "Xütbələrin insanlara fayda verəcək forması var. Məsələn, ticarət əxlaqı ilə bağlı xütbə oxunan zaman "Qurani-Kərim"də ticarətlə bağlı olan ayələrdən, peyğəmbərin hədislərindən istifadə edilir. Xütbələrdə müəyyən qısa formalı hekayə, rəvayətlərə də yer verilir. Çünki insanlar bunları sevir və yaddaşda yaxşı qalır. Qafqaz Müsəlmanları İdarəsinin axund və imamlar üçün hər iki məzhəbi əhatə edəcək xütbələr kitabı var və həmin topludan istifadə edilməsi tapşırılıb. Xütbə kitabında əhli-sünnə və əhli-şiənin baxışlarını əhatə edən mövzular yer alıb. Bundan başqa, Məhəmməd Peyğəmbər, 20 Yanvar faciəsi, 31 Mart - Azərbaycanlıların Soyqırımı və s. hadisələrlə bağlı xütbələr var. Axundun öz biliyindən faydalanmasına da qadağa yoxdur və istənilən mövzudan danışanda onun özünün də əlavəsi ola bilər".
R.Qarayev deyib ki, müasir dövrdə xüsusilə şəhərlərdəki məscidlərdə xütbələrdə xurafata yer verilməsi mümkün deyil: "Düzdür, hansısa rayon məscidində, nəzarətin zəif olduğu ibadət evlərində bu kimi hallar ola bilər. Bu da axundun öz qüsurudur. Qafqaz Müsəlmanları İdarəsi yeni xütbə kitabı hazırlayır. Yəqin kitab yaxın vaxtlarda çap olunacaq və axundların istifadəsinə veriləcək. Həmkarlarımın internet vasitəsilə də məlumat əldə etmək imkanı var".
Axund həmçinin qeyd edib ki, məsciddə cümə namazı vəhdət halında qılındığından xütbələr heç bir məzhəbin əqidəsinə toxunmayacaq formada oxunur: "Təbii ki, əhli-sünnə və əhli-şiə tərəfindən qəbul olunan mövzular seçilir. Yəni ixtilaf doğurmayacaq mövzulara müraciət olunur və insanlar da rahat şəkildə qulaq asırlar. Xütbə zamanı həm əhli-beyit, həm də səhabədən misallar gətiririk. İnsanlar bunu məmuniyyətlə qarşılayır. Vəhdət yaranması üçün məzhəblərin yaxınlaşmasına ehtiyac var. 20 Yanvar hadisəsinin anım günü məsciddə hər iki məzhəbdən 1500-ə yaxın insan var idi. İndiyə qədər belə hal nə Azərbaycanda, nə də dünyanın heç bir yerində olmayıb".
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva və moizələr şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin baş müəllimi Aqil Şirinov deyib ki, Azərbaycanda yeni vahid xütbələr kitabı hazırlanır: "Kitab QMİ sədri, şeyxülislam Allahşükür Paşazədinin tapşırığı ilə hazırlanır. Kitab üzərində işin bitməsinə az qalıb. Kitabda "Quran" və hədislərdən, eyni zamanda təfsir kitablarından istifadə olunub. Kitabda hər həftə üçün bir xütbə veriləcək. Hər xütbə isə bir neçə səhifədən ibarətdir. Bundan əvvəl mövcud olan vahid xütbə kitabında yalnız mövzu ilə əlaqədar ayə və hədislər verilib".
Onun sözlərinə görə, yeni kitabda 50-dən çox xütbə yer alıb: "Biz vahid xütbə kitabında həm aktual, həm də dində təfriqəçiliyə yol verməyən mövzuların yer almasına çalışmışıq. Nəşrdə Azərbaycanda mövcud olan İslam məzhəbləri arasında heç bir ayrı-seçkiliyə yol vermədən, onların hamısını əhatə edən mövzular yer alacaq. Kitab axund və imamlar üçün bir vəsaitdir. Bu, onlar üçün bir baza olacaq və onlar bundan sonra özlərini daha da inkişaf etdirəcəklər. Kitabda heç bir təkrar mövzu yoxdur. İnsanları dini, ictimai baxımdan maraqlandıran, maarifləndirən mövzulara toxunmuşuq. Kitab nəşr olunduqdan sonra məscidlərə paylanılacaq, axund və imamlar üçün vəsait rolunu oynayacaq".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov vurğulayıb ki, Dövlət Komitəsi bu sahənin tənzimlənməsi prosesində QMİ ilə əməkdaşlıq edir: "QMİ bir neçə il öncə nümunəvi bir xütbə kitabı nəşr edib. Hazırda QMİ-də bu istiqamətdə işlər davam etdirilir. Bununla xüsusi məşğul olan qrup var. Onlar həm şəriət, həm də dini məsələləri bilirlər. Həm cəmiyyəti maraqlandıran ictimai məsələlər, həm də dövlət-din münasibətləri diqqət mərkəzində saxlanılır. Bu məslədə də QMİ ilə Dövlət Komitəsi arasında sıx əməkdaşlıq var və bunun da nəticəsində mövcud problemlər zamanla aradan qalxır".
Onun sözlərinə görə, hər iki qurum bu məsələyə həssas yanaşır: "Əvvəlki dövrlərlə müqayisədə bu sahədəki problemlərin böyük əksəriyyəti həll olunub, gələcəkdə isə birdəfəlik yoluna qoyulacaq".